Şamaxıda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir
İyunun 20-də Şamaxıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir. Konfrans öz işinə dövlət himni ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov Ulu Öndərin azərbaycançılıq məfkurəsinin nəinki gənclər, həm də hər bir azərbaycanlı üçün qurur mənbəyi, örnək olduğunu demişdir.
Konfransda “Heydər Əliyev və gənclər siyasəti”, ”Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında çıxışlar olmuşdur.
Natiqlər qeyd etmişlər ki, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər dövlət quruculuğu prosesləri ilə yanaşı, milli-tarixi yaddaşın bərpasına da böyük diqqət və qayğı göstərmişdir.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi vurğulanmışdır.
Konfransda gənc iştirakçıların müasir Azərbaycan gəncliyi, onların qayğıları ilə bağlı arzu və təklifləri dinlənilmişdir.
Konfransın işində Şamaxı rayon İcra başçısı cənab Asif Ağayev iştirak etmişdir.
Tədbirdən sonra şəhərin mərkəzində yerləşən Heydər Əliyev parkında respublikanın tanınmış sənətçilərinin iştirakı ilə böyük konsert keçirilmişdir. Konsert atəşfəşanlıqla sona çatmışdır.