Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində təlimlər başlanılmışdır

11 iyun 2014 | 15:00

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  “Regional Təlim-İnkişaf Proqramı-1” layihəsi çərçivəsində Kompleks Təlim Planının icrasına başlanılmışdır. İyun ayının 10-da Şamaxı şəhərində  Kompleks Təlim Proqramının açılış mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.   Daha sonra Şamaxı şəhərində Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilmişdir.
Təlimlərin açılış mərasimində çıxış edən Şamaxı rayonu icra hakimiyyətinin başçısı Asif Ağayev bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya  infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirmişdir: “Son zamanlar regionlarda, o cümlədən Şamaxıda həyata keçirilən içməli su və kanalizasiya layihələrinin icrasında müasir texnologiyalardan və avadanlıqlardan istifadə olunur. Bu baxımdan kadrların bilik və bacarıqlarının yüksəldilməsi əsas şərtdir. Təlimlərin yüksək səviyyədə keçirilməsi üçün iştirakçılara lazımi şərait yaradılacaqdır”.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər görülür: “Hazırda “Azərsu” ASC-nin sifarişi ilə ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kənddə su layihələri həyata keçirilir. Bu layihələrin icrası zamanı SCADA sistemləri tətbiq edilir, müasir laboratoriyalar yaradılır, müasir  texnoloji  avadanlıqlar quraşdırlır. Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmişdir. Belə tədbirlər rayon sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir”.
Sonra Şamaxı, İsmayıllı, Ağsu və Qobustan sukanal idarələrinin əməkdaşlarının cəlb olunduğu təlimlərə start verilmişdir. Təlimlər  “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri  tərəfindən  aparılır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə  səfərləri də təşkil olunur. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə təlim iştirakçılarının bölgənin səfalı yerlərinə  ekskursiyaları təşkil ediləcəkdir.
 

Keçidlər