Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı hüquqi maarifləndirmə tədbiri keçirilib

07 iyun 2014 | 15:00

06 iyun 2014-cü il tarixdə Şamaxıda Heydər Əliyev Mərkəzində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı hüquqi maarifləndirmə seminarı keçirilib.
Tədbirrin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə qeydiyyat prosesinin praktik tərəflərinin dolğun şəkildə çatdırılmasıdır.
Seminar Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Şamaxı, Qobustan və Ağsu rayonları üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Seminarda çıxış edən komitə nümayəndəsi Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai məlumatlandırma və hüquqi izahat işlərinin əhəmiyyətindən və nəticələrindən bəhs edib, həmçinin Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi barədə məlumat verib. Qeyd olunub ki, komitə tərəfindən bu sahəyə dair qanunvericiliyin izahı, sosial maarifləndirmənin təmin olunması, hüquqi və praktik biliklərin artırılması məqsədilə indiyədək bir çox tədbirlər həyata keçirilib və qarşıdakı dövrdə də davamı olacaqdır.
Seminarda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı slaydlar nümayiş etdirilib. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası və qeydiyyat üçün qanuni əsaslar konkret və aydın şəkildə izah olunub. Daşınmaz əmlakın qeydiyyatının vacibliyi, sosial-iqtisadi üstünlükləri, etibarlı əmlakın məhz dövlət qeydiyyatına alınmış əmlakın olduğu vurğulanıb. Bildirilib ki, daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi əməliyyatların, o cümlədən alqı-satqı, bağışlama, vərəsəlik və digər əməliyyatların aparılması üçün öncə mülkiyyət hüquqların dövlət qeydiyyatının olması zəruridir. Qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatı üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahatlar verilib. Dövlət reyestrinin aparılması qaydaları, hüquqların qeydiyyatının dayandırılması və imtinanın əsasları, öncədən qeydiyyat və qeydiyyatın ləğvi qaydalarından bəhs olunub. Daşınmaz əmlak üzərində icarə və  istifadə hüquqlarının, ipotekanın dövlət qeydiyyatı, daşınmaz əmlakla bağlı idarəetmə, qəyyumluq və vərəsəlik məsələləri, qanunvericiliyin pozulmasına görə məsuliyyət barədə geniş izahlar verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.

Keçidlər