Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keşirilmişdir

24 may 2014 | 15:00

Mayın 23-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti Konfrans Şamaxıda təşkil edilmişdir. Konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 280-ə yaxın istehlakçı iştirak etmişdir.
Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq əhalinin maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdığı, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığı bir dövrdə istehlak bazarında insanların müxtəlif mallara, xidmətlərə olan tələbatı keyfiyyətcə dəyişmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışlar. İstehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün mövcud qanununvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd etmiş, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermişdir. Hər il olduğu kimi, ötən 2013-cü ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyi, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatların yayıldığı, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığı, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanılmasının maarifləndirmə işinə müsbət töhfə verdiyi qeyd edilmişdir. Təkcə ötən il istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bu sahədə tədbirlər hazırda da davam etdirilir.
Bununla belə, ötən ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyi vurğulanmışdır.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.
Tədbirdə çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulamış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmək tövsiyə edilmişdir. Bildirilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Keçidlər