Şamaxıda “Heydər Əliyev və silahlı qüvvələrimiz” mövzusunda tədbir keçirilmişdir
05 may 2014-cü il tarixdə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və silahlı qüvvələrimiz” mövzusunda tədbir keçirilmişdir.
“N” saylı hərbi hissənin zabit və sıravi heyətinin, böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlarının iştirak etdikləri tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan silahlı qüvvələrinin formalaşdırılması sahəsindəki xidmətləri ilə bağlı nümayiş etdirilən fotoşəkillər və digər sənədlərlə tanış olmuşlar.
Tədbirdə Mərkəzin direktoru Dilşad Əhmədli, “N” saylı hərbi hissənin zabitləri Vüqar Quliyev, İlqar Dadaşov, siravi əsgər Fərid Mikayılov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, çətin tarixi şəraitdə, erməni təcavüzünün tüğyan etdiyi bir vaxtda Azərbaycanda dövlət quruculuğu, silahlı qüvvələrin formalaşdırılması və bu məqsədlə aparılan islahatlar, silahlı qüvvələrimizin düşmənə layiqli cavab verəcək səviyyəyə çatdırılması sahəsindəki misilsiz xidmətlərindən danışmışlar.
Hazırda Azərbaycan ordusunun regionun ən güclü silahlı qüvvəsinə yüksəldiyi, erməni qəsbkarlarına qarşı istənilən anda layiqli cavab verəcək səviyyəyə çatdığı iftixarla qeyd edilərək bütün bunlar Ulu Öndərin, onun layiqli siyasi varisi Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyətlərinin nəticəsi kimi dəyərləndirilmişdir.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.