Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

19 aprel 2014 | 15:00

Aprelin 18-də rayon rayon İcra Hakimiyyətinin akt zalında 2014-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Müzakirə olunan məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ətraflı çıxış edərək qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə bağlı məruzə ilə çıxış etmişdir. 4 saylı Ərazi Vergilər idarəsinin rəisi Nadir Cəbrayılov, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov və Şamaxı Paylayıcı Elektrik şəbəkəsinin rəis əvəzi Rəşad Gərayev məruzə ətrafında müzakirələrdə iştirak etmişlər.
Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə keçirilən dərslər barədə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova və rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev ətraflı danışmışlar. Diqqətə çatdırılmışdır ki, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər rayonun Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə uğurla tədris olunur.
Tədbirdə qeyd edilmişdir ki, 2014-cü ilin birinci rübünün yekunlarını Şamaxı rayonu üçün müsbət qiymətləndirmək olar. Məlum olduğu kimi bu ilin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Əminlik hissi ilə qeyd olunmuşdur ki, üçüncü proqramın qəbul edilməsi növbəti beş il ərzində qalan sosial və iqtisadi məsələlərin həllində bizə böyük dəstək olacaqdır.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirmişdir ki, 2014-cü ilin birinci rübündə rayonda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin üç ayında rayonda 33,7 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,9  milyon manatdan və yaxud 2,6 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 1,4 milyon  manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Həmçinin üç ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 7 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 5,7 milyon manat təşkil etmişdir. Ötən üç ayda pərakəndə əmtəə dövriyyəsi 49,5 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,9 milyon manat olmuşdur. 2014-cü ilin üç ayında rayon üzrə 137 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 10180 iş yeri yaradılmışdır ki, bunun da 7509-u daimi iş yeridir.
Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin üç ayı ərzində bu sahədə  6,9  mln. manatlıq məhsul istehsal edilmişdir. 2014-cü ilin məhsulu üçün payızlıq əkin başa çatdırılmışdır. Hazırda rayonun kənd və qəsəbələrində yazlıq əkin kampaniyası sürətlə davam etdirilir.
      Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən bu ilin üç ayında 10 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılmışdır.
Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bu ilin üç ayında rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 36760 başa, xırdabuynuzlu heyvanların sayı 160696 başa, quşların sayı isə 250348 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə ət, süd və yumurta istehsalı ötən ilin müvafiq ayları ilə müqayisədə xeyli artmışdır. Arı ailələrinin sayı isə 4853-ə çatdırılmışdır.
Yığıncaqda ötən üç ay ərzində rayonda tikinti-quruculuq, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülmüş işlər geniş təhlil edilmişdir. Qeyd olunmuşdur ki, cari ilin üç ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir. Belə ki, Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşmüş Soyqırım abidəsi yenidən qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında yerləşən bütün fərdi yaşayış evlərinin dam örtükləri yenisi ilə əvəz edilmiş, fasad hissələri aqlay daşla üzlənmiş, pəncərə blokları yenisi ilə əvəz edilmiş və evlərin giriş qapıları rənglənmişdir. Ərazidə olan bütün barılar dekorativ üslubda üzlənmişdir. Həmin ərazidə piyadalar üçün səkilər çəkilmiş, asfalt-beton örtüyü vurulmuş və işıqlandırma sistemi quraşdırılmışdır. Abidənin ətrafında 800 m2 yeni yaşıllıq zolağı salınaraq həmişəyaşıl bəzək kolları və dekorativ ağaclar əkilmişdir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirmişdir ki, Şəhidlər Xiyabanının əsaslı təmir və yenidənqurulması işlərinə başlanılmışdır. Belə ki, ilk növbədə ərazinin sürüşmə zonasında yerləşdiyi nəzərə alınaraq torpaq sürüşməsinin qarşısının alınması məqsədilə məzarların ərtafına 3270m2 10-15 sm qalınlığında beton verilmişdir. Şəhidlər Xiyabanının ərazisi boyük parka çevrilərək 3 hektara çatdırılmış, parkda 800-ə qədər yeni ağaclar əkilmişdir. Hazırda Şəhidlər Xiyabanında və yeni salınmış parkda işlər sürətlə davam etdirilir. 
Cari ilin birinci rübündə rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Əraziyə 450 kv.metr üzlük daş döşənmiş və 800 kv.metr yeni yaşıllıq zolağı salınaraq kollar və ağaclar əkilmiş, əraziyə işıqlandırma sistemi çəkilmişdir.
2014-cü ilin birinci yarısında şəhərin küçələrinin abadlaşdırılması və yenidənqurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şəhərin Azadlıq, A.Əhmədov, B.Əzizov, S.Bəhlulzadə, C.Məmmədquluzadə küçələrinə ümumilikdə 9000 kv.metr asfalt beton örtüyü vurulmuşdur. İşlər sürətlə davam etdirilir. 53 km-lik Şamaxı-Padarçöl avtomobil yolunda da ötən rüb ərzində işlər davam etdirilmişdir.
Şamaxı şəhərinin küçələrinin işılqlandırılması məqsədilə rüb ərzində xeyli işlər görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsindən avtovağzala qədər və dairəvi yola ümumilikdə 170 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
Mart 2012-ci ildə rayonun Muğanlı və Saqiyan kəndlərində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 63 ədəd yeni ev tikilərək istifadəyə verilmişdir. Qəzalı vəziyyətə düşmüş digər kənd sakinləri üçün evlərin tikintisi növbəti mərhələdə nəzərdə tutulmuşdur.
Rayonun Qaleybuğurd, Nağaraxana və Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda işlənmiş kənd ad göstəricisi inşa edilmişdir. 
Şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşasında artıq son tamamlama işləri aparılır. Yaxın vaxtlarda daha bir necə uşaq bağçası üçün yeni binaların inşasına başlanılması nəzərdə tutulmuşdur. Həmçinin 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmışdır. Rayonun Talışnuru, Hacıqədirli, Şərədil kəndlərində müasir tələblərə cavab verən məktəblərin tikintisi məqsədilə layihə-smeta hazırlanmışdır. Kərkənc kənd məktəbində idman zalının tikintisi başa şatmaq üzrədir.
Şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən narazılıqların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti və keyfiyyəti artmışdır. Ötən rüb ərzində şəhərin küçələrinə 12,7 km kanalizasiya 17 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 92 kilometr kanalizasiya və 96 kilometr  su xətti çəkilmişdir. 
Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda “Şərədil” istirahət mərkəzində 5 ulduzlu otelin və “Fəxriguşə” istirahət mərkəzində son tamamlama işləri aparılır, Pirqulu zonasında isə müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir.
Rayonda 2014-cü ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunmuşdur. İməciliklər zamanı Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 5 min ədəddən çox ağac və gül kolları əkilmişdir. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir. Həmçinin yaz mövsümünün başlanması ilə əlaqədar magisral yolun, eləcə də şəhərin müxtəlif yerlərində geniş yaşıllaşdırma işlərinin aparılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Rayonun su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə yol verilən narazılıqların aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti və keyfiyyəti artmışdır. Ötən rüb ərzində şəhərin küçələrinə 12,7 km kanalizasiya 17 km isə su xətləri çəkilmişdir. İndiyədək ümümilikdə şəhərin müxtəlif küçələrində 92 kilometr kanalizasiya və 96 kilometr  su xətti çəkilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə rayonumuzda da bir çox işlər görülmüş, əhalinin kütləvi şəkildə müayinədən keçirilməsinə başlanılmış və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.Keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu günə kimi rayon əhalisinin 51245 nəfəri müayinələrə cəlb olunmuşdur.
Məlum olduğu kimi, son vaxtlar qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə rayonda xeyli tədbirlər həyata keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd etmişdir ki, rayonda çalışan dövlət məmurlarının bu sahədə məsuliyyətlərinin artırılması üçün onların qarşısında konkret vəzifələr qoyulmuşdur. Kənd və qəsəbələrdə keçirilən görüşlərdə, eləcə də vətəndaşların qəbulu zamanı diqqəti çəkən ən mühüm məqam insanların problemlərinə həssaslıqla yanaşılması, haqlı şikayətlərin operativ qaydada həll edilməsidir.
2014-cü ilin üç ayı ərzində rayon icra hakimiyyəti başçısı aparatına 668 vətəndaş müraciəti daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin ümumi sayı 351 ədəd artmışdır (tikinti üçün rəyin verilməsi və təbii fəlakət nəticəsində evlərə dəymiş ziyanın dəyərinin ödənilməsi ilə bağlı ərizələrin hesabına). Müraciətlərdən 101-i Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 3-ü Milli Məclisdən, 24-ü Nazirlər Kabinetindən, 329-u respublikanın digər qurumlarından, 211-i isə vətəndaşlardan bilavasitə rayon icra hakimiyyətinə ünvanlanmışdır.
Xüsusilə müntəzəm olaraq əhalinin müxtəlif təbəqələri, eləcə də kənd və qəsəbə sakinləri ilə görüşlərimiz, həmin görüşlər zamanı qaldırılmış problemlərin əksər hissəsinin yerində həll edilməsi əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Ötən müddət ərzində rayonun 2 qəsəbə və 6 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rayon İcra Hakimiyyətinin başçısı ilə keçirilmiş görüş-qəbullarda 681 nəfərdən artıq əhali iştirak etmişdir. Həmin görüşlərdən sonra əhalinin müraciətləri nəzərə alınaraq müəyyən işlər görülmüşdür. Belə ki, birinci rübdə havaların əlverişsiz olmasına baxmayaraq rayonun Həmyəli və Qəleybuğurd kənd yollarının cari təmiri və bərpası, Sabir qəsəbəsində, Nağaraxana, İkinci Cabanı, Adnalı kəndlərdə içməli su təchizatının daha da yaxşılaşdırılması, Mədrəsə və  Sabir qəsəbələrində,  İkinci Cabanı, Məlhəm, Qızmeydan, Pirbəhli, Kərkənc kəndlərinin elektrik xətlərində qismən də olsa təmir işləri aparılmış, elktrik enerjisinin verilməsində olan fasilələr tədricən aradan qaldırılmışdır.

Keçidlər