Şamaxıda “İqtisadiyyat və sənaye nazirliyinin göstərdiyi elektron xidmətlər”ə dair maarifləndirici tədbir keçirilmişdir
Şamaxıda respublika iqtisadiyyat və sanaye nazirliyinin interaktiv və informativ elektron xidmətləri barədə əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
Aprelin 17-də keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, Şamaxı və ətraf rayonların icra hakimiyyətlərinin, sahibkarlar (işəgötürənlər) təşkilatlari milli konfederasiyasının nümayəndələri və Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 60 nəfər sahibkar iştirak etmişlər.
Tədbirdə iqtisadiyyat və sənaye nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxış edərək “Elektron hökümət” Dövlət Proqramı çərçivəsində digər dövlət orqanlarında olduğu kimi, iqtisadiyyat və sənaye nazirliyində də elektron xidmətlərin tətbiqinin genişləndirildiyini, nazirlikdə əhaliyə göstərilən 28 xidmətin elektronlaşdırıldığını qeyd etmişdir. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısını alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edilmişdir ki, ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq iqtisadiyyat və sənaye nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılmışdır.
Iqtisadiyyat və sənaye nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Fərid Salmanov nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müaraciətlərin on-line rejimində qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı--www.icazeler.gov.az, elektron ticarət portalı-- www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərlə bağlı məlumat vermişdir.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndələri Natiq Heydərov və Anar Qasımlı investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi (www.anfes.gov.az), sahibkarlara göstərilən, o cümlədən xarici bazarlara çıxış üçün, malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə iştirakçılara ətraflı məlumat vermişlər.
Nazirliyin əməkdaşları tərəfindən əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifkatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə proseduru nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar ( İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş mütəxəssisi Fərhad Osmanov elektron xidmətlərin tətbiqində səmərəliliyinin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin və şəffaflığın təmin olunmasına imkan yaradıldığını bildirmiş, elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, iqtisadiyyat və sənaye nazirliyi tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətində səmərəliliyinin artırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.