Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart soyqırımı – tarixin qanlı yazılmış yaddaşı

01 aprel 2014 | 15:00

Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Getdikcə gücləndirilən və xalqımızı ağır məhrumiyyətlərə məruz qoyan bu məkrli və qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından – sonradan Ermənistan dövləti adlandırılacaq ərazidən didərgin salınmış, kütləvi qırğınlara məruz qalmışlar.
Artıq XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi başlanılmış və bunun fonunda məqsədyönlü şəkildə azərbaycanlıların deportasiyası gücləndirilmişdir. Beləliklə də, azərbaycanlılar mərhələli şəkildə öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmağa başlamışlar.
Ermənilər yalnız hazırda Ermənistan ərazisi adlanan qərbi Azərbaycan torpaqlarında deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar törətmişlər. Onlar bu ərazilərdə on minlərlə dinc azərbaycanlını - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar.
Beləliklə, XIX əsrdə azərbaycanlılara qarşı geniş vüsət almış bu təcavüzkar siyasət XX əsrin əvvəllərində özünün ən yüksək mərhələsinə çatmışdır. Qətlə yetirilənlərin çoxunun meyiti tapılmamışdır. Şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, süngü ilə dəlik-deşik edir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir. Elə buna görə də 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla da 1998-ci ildən bəri ölkədə hər il martın 31-i - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Əslində həmin hadisələrin azərbaycanlılara qarşı törədilən bir soyqırımı olduğunu beynəlxalq aləm də sübut etmişdir. Bu hadisələrə dünya səviyyəsində hüquqi və siyasi qiymətin verilməsinə nail olmaq üçün faktlar yetərincədir. Amma hələ ki, ikili standartlar ilə yaşamaq stereotipindən qurtula bilməyən və əslində bu cür davranışla belə faciələrə rəvac verən müasir dünya 31 mart hadisələrini azərbaycanlıların soyqırımı faktı kimi tanımaq istəmir.
Təkcə XX əsrdə artıq üç dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya törətmiş ermənilər cəzasız qaldıqları üçün 1988-1989-cu illərdə də əməllərindən çəkinmədilər. Nəticə isə bugünkü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əgər beynəlxalq aləm ermənilərin bu cür əməllərinə vaxtında hüquqi və siyasi qiymət versəydi, bu gün ATƏT və BMT kimi mötəbər təşkilatlar, eləcə də dünyanın bir sıra güc mərkəzləri bu münaqişənin nizamlanması prosesi fonunda bu qədər bacarıqsız görünməzdilər.
Hazırda Azərbaycanın uğurlu daxili və xarici siyasəti beynəlxalq aləmi istər-istəməz hadisələrə başqa cür yanaşmaq məcburiyyətində qoyur. İndi dünya ermənilərin və onların havadarlarının Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri tam ədalətlə təsdiq etməsə də, onları birmənalı şəkildə inkar da edə bilmir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev Vətənimiz və xalqımız haqqında həqiqətlərin dünya birliyinə çatdırılması üçün məqsədyönlü iş aparır. Bunun nəticəsində əgər bir neçə il əvvəl dünya birliyi Azərbaycanı müstəqil siyasət yeridən bir dövlət kimi tanıdığını etiraf edirdisə, indi respublikamızın regionda söz sahibi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğunu deyir. Əgər dünən Azərbaycan regionda nəhəng transmilli layihələrin gerçəkləşməsində əsas söz sahibi kimi tanınırdısa, bu gün dövlətimizə həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hörmət və ehtiram göstərilir. Bütün bunlar məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur.
Azərbaycan bu proseslərin fonunda öz milli maraqlarını qorumaqla kifayətlənmir. Ölkəmiz ədalətsizliyə qarşı daha inamla çıxış edir və beynəlxalq arenada nüfuzunu artırır, mövqelərini möhkəmləndirir.
İndi dövlətimizin başçısının apardığı uğurlu siyasətin üfüqündə Azərbaycan həqiqətlərinin dünya tərəfindən etirafı məqamı da aydın şəkildə görünməkdədir. Bunu Ermənistan və dünya erməniləri, onların havadarları da yaxşı anlayırlar. Ona görə də bəzən beynəlxalq güc mərkəzləri Türkiyə ilə Ermənistanı barışdırmaq kimi cəhdlərlə məhz Prezident İlham Əliyevin qarşıya qoyduğu perspektivi əngəlləməyə çalışırlar. Ancaq bu artıq mümkün deyildir. Bu gün dünyanın bir sıra dövlətləri artıq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf etməyə, soyqırımı aktlarını araşdırmağa başlamışlar.
1918–ci ilin martında ermənilərin Bakıda və bölgələrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı əlbəttə ki, tariximizin hüznlü məqamlarından biridir. Amma indi Azərbaycan dövləti yalnız bu soyqırımı qurbanlarının xatirəsini yad etməklə, onu törədənləri lənətləməklə kifayətlənmir, prosesi məntiqi sonluğa çatdırmaq üçün bütün imkanlardan istifadə edir.
Tarixdə bəzi xalqlara, etnik qruplara qarşı müəyyən soyqırımı aktlarının həyata keçirilməsi hallarının olması bir həqiqətdir. O da həqiqətdir ki, belə halların bir daha təkrarlanmaması üçün beynəlxalq aləmin reaksiyası yetərli deyildir. Ancaq gec-tez bu, baş verəcəkdir. Çünki yer üzündə sabitliyin, əmin-amanlığın təmin olunması yolu məhz bu cür hüquqi və siyasi etiraflardan keçir.
Respublikanın bütün bölgələrində olduğu kimi, Şamaxıda da soyqırım qurbanlarının xatirəsi yad edilmişdir. Qarlı havaya baxmayaraq rayon əhalisi, eləcə də bütün idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri ilk öncə yeni təmir olunmuş “Soyqırım” abidəsinin önünə gələrək tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər.
Daha sonra tədbir rayon Mədəniyyət sarayında davam etmişdir. Rayon rəhbərliyi sarayın foyesində düzənlənmiş İncəsənət Təhsil Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət 31 mart 1918-ci il soyqırımı hadisələrinə həsr olunmuş sərgiyə baxış keçirmişlər.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək qanlı hadisələrdən danışmış, hadisə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonda Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film nümayiş etdirilmiş və şəhər 9 saylı tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii teatrallaşdırılmış kompozisiya ilə tədbir sona yetmişdir.

Keçidlər