Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Şamaxıda da geniş qeyd olunmuşdur.
Bayram münasibətilə şəhərin Heydər Əliyev Parkında geniş tədbir təşkil olunmuşdur.
Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları parkda təşkil olunmuş sənaye məhsulları və İncəsənət Təhsil Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirmişdir.
Sonra tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinləri bayram münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. Həmçinin o qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, suveren Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız sürətlə inkişaf edir.
Qədim köklərə və mənəvi qaynaqlara bağlı olan və ildən-ilə daha təntənəli qeyd edilən Novruz bayramı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ilin fevralında isə BMT Məclisinin 64-cü sessiyasının iclasında 21 mart Beynəlxalq Novruz günü elan edilmişdir.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmışdır.
Daha sonra bayram şənliyində xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılmışdır. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, gənc pəhləvanlar meydan mübarizəsinə çıxmışlar.
Tədbir bayram konserti ilə davam etmişdir.