Şamaxı Müalicə Diaqnostika Mərkəzində 1855 sakin müayinə edilmişdir
Prezident İlham Əliyevin ölkə əhalisinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırıq və tövsiyələr Şamaxı rayonunda müvəffəqiyyətlə yerinə yetirilir. Yüksək xidməti ilə seçilən, ən müasir tibbi avadanlıqlarla təchiz olunan Şamaxı Müalicə Diaqnostika Mərkəzi bu humanitar aksiyada fəal iştirak edir.
Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Vəlixan Qarayev bildirmişdir ki, əhalinin kütləvi tibbi müayinəsi üçün irəlicədən bütün lazımi işlər görülmüşdür. Belə ki, hər gün rayonun idarə və müəssisələrindən, habelə nəzərdə tutulmuş kəndlərdən gələn vətəndaşlar müvafiq qrafik üzrə müayinəyə göndərilir. Müayinələr təcrübəli mütəxəssislər tərəfindən aparılır. Ehtiyac olduqda xəstələrə ambulator və stasionar müalicə təyin edilir.
Qeyd edək ki, hər gün orta hesabla 100 nəfər vətəndaş tibbi müayinədən keçirilir. Ümumiyyətlə, fevralın 17-dən indiyədək 1855 nəfər sakinə xidmət göstərilmişdir. Rayon Təhsil şöbəsinin, Su-Kanal idarəsinin, Maliyyə idarəsinin, Şamaxı Dövlət Sənaye İqtisad kollecinin, Göylər, Dağ Bağırlı, Həmyə, Çaylı və bir sıra digər kəndlərin sakinləri bu tibb ocağında müayinədən keçilmişlər.
Tibbi müayinəyə gələn sakinlər yaradılmış şəraitə, qayğıkeş münasibətə görə razılıq edir, sağlamlıqlarına göstərilən diqqət üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Həkim-kardioloq Dilarə Qasımova tərəfindən müayinə edilən şəhər sakini Təranə Bədəlova bununla bağlı fikirlərini ifadə edərək demişdir:
- Prezidentimizə çox-çox minnətdaram. Doğrusu, tibbi müayinədən axırıncı dəfə nə vaxt keçdiyim yadıma gəlmir. İndi isə həkimlərin xəbərdarlığı lap yerinə düşdü.