Şriftin ölçüsü :

Saytın rəngi :

Elimizin əziz bayramı Novruzun müjdəçiləri - çərşənbələr

12 mart 2014 | 16:00

Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz ulu yurdumuza öz mübarək qədəmlərini basır.
Bu bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə gəlib çatmışdır. Bu gün də həvəslə təşkil olunan mərasimlərin tarixi, söykəndiyi qaynaqlar istər yaşlı, istərsə də gənc nəsil üçün maraq doğurur.
Azərbaycan folklorşünaslığının ən az öyrənilən sahələrindən biri də Novruz bayramından əvvəl qeyd olunan çərşənbələrdir. Bu baxımdan hazırda çərşənbələrin təqvim əsaslarının araşdırılmasına ciddi ehtiyac vardır. Çünki çərşənbə mərasimlərinin ayin əsası onun təqvimdəki yeri və mənası ilə əlaqəlidir. Çərşənbələrin hansı təqvimə aid olması haqqında folklorşünaslığımızda aydın fikir yoxdur. Bunun əvəzində isə çərşənbələrin təqvim xarakterini açmaq üçün heç bir elmi əsası və xalq təqvimi ilə bağlılığı olmayan məhəlli adların müxtəlif variantlarından bəhs olunur. Məsələn, Novruz bayramına bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”, ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”, üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”, dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.
“Novruz” sözünün mənasının “yeni gün” olduğu məlumdur. Çərşənbənin isə aydın izahı yoxdur. Çərşənbənin “çəhar şənbə” sözündən olduğunu nəzərə alsaq, onu “dörd şənbə” və ya “dördüncü şənbə” kimi hərfi tərcümə etmək olar. Lakin bu da bizə aydın bir məlumat vermir.
İndi İranda işlənən hicri təqviminin həftə adlarına diqqət etsək, orada “şənbə” sözünün sıx işləndiyini görürük: yekşənbə, doşənbə, seşənbə, çeharşənbə, pəncşənbə, şənbə. Milad təqviminə görə, buradakı “çümə” “beşinci gün”, “yekşənbə” “bazar günü”, “çeharşənbə” isə “üçüncü gün”dür. Bu, Azərbaycanda işlənən həftə adlarındakı “çərşənbə”dir.
“Çeharşənbə” sözündəki “çehar” 4 deməkdir. “Şənbə”nin mənası isə aydın deyildir. Lakin bunun qədim bir substrat olduğu müşahidə edilməkdədir. Bu, Şərqdə istifadə olunmuş qədim təqvimlərdən biridir və bu təqvimin əlamətdar günü “şənbə”dir. Bunun sami xalqlarında “şabbat” forması qalmaqdadır. Slavyanlarda “Subbota”nın da eyni kökdən qaynaqlandığını düşünmək olar. Ola bilər ki, bu altıgünlük “həftə”nin altıncı və ya istirahət günü olmuşdur. Yaxın əsrlərə qədər Rusiyada beşgünlük “həftə”nin olduğu da tarixi faktdır.
“Şabbat”ın şənbə şəklində İran ərazisində yaşayan xalqlarda və türklərdə işlənməsi mümkündür. Yəhudilərdə “şabbat” indi də qeyd olunur. “Şabbat”ın iudaizmlə bağlı dini mənası vardır. Ola bilər ki, İslamdan əvvəl Xəzər xaqanlığının əhalisinin iudaizm dininə mənsub olması sonralar bu xalqların təqvimində öz izlərini qoymuşdur. Amma biz “şənbə”ni həftənin altıncı günü deyil, “dörd şənbə” adı ilə ikinci günündən üçüncü günə keçən axşam qeyd edirik. Görünür, burada bir neçə təqvim kəsişməsi vardır. Bizim də XI-XIX əsrlər boyunca işlətdiyimiz hicri təqvimi, XX əsrdən istifadə etdiyimiz miladi təqvimi ilə yanaşı, iudaizm dövründə işlənmiş təqvim də bu və ya digər şəkildə özünü göstərir. İudaizmdən gələn “şabbat”, xristianlıq və İslam mühitində ikinci plana keçir. Xristian slavyanlar “subbota”nı deyil, daha çox xristian mahiyyəti daşıyan və İsa Məsihlə bağlı olan “Dirilməni” (voskreseniye), müsəlmanlar isə “şənbə”ni və ya “şərşənbə”ni deyil, islami həmrəylik nümayiş etdirən “cümə”ni qeyd edirlər. Digər tərəfdən, “çərşənbə”nin mübarək gün olması ilə bağlı ənənə də unudulmamışdır.
Şənbənin altıncı gün olduğunu bilirik. Bu da dünyanın altı gündə yaradıldığı və ən sonda insanın yaradılması haqqında dini bilgilərlə əlaqəli görünür. Dünyanın altı gündə yaradılması “şənbə”ni, dünyanı yaradan dörd ünsürün – suyun (ab), odun (atəş), havanın (bad), torpağın (xak) da “şənbəlik” həftə sistemində yaradılması “çərşənbə”ni (dörd şənbə) müqəddəsləşdirir. İstər ilkin kosmoqoniya, istər xalq təqvimi, istərsə də dini bilgi kimi bu fikir özünü doğruldur. Lakin bu, yenə də “şənbə”nin xalq inanclarında hami ruh və ya başqa bir kult elementi ilə bağlı olmasını və onun arxaik ayin əsaslarının mövcudluğunu istisna etmir.
Qədim zamanlarda “Novruz”un gəlişi - əmək mövsümünün başlaması idi və insanları sevindirirdi. Onlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması arzusu ilə müxtəlif nəğmələr yaratmışlar. Bu novruzqabağı nəğmələr üç yerə ayrılır: çillə nəğmələri, ilaxır çərşənbə nəğmələri, bayram nəğmələri.
Novruza hələ 90 gün qalmış, yəni qışın böyük çilləsinin girməsi ilə bağlı çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Bəzi bölgələrdə həmin nümunələrə “Çilləkəsdi”, “Çillə” və ya “Çillədən çıxma” nəğmələri də deyilərdi. Erkən düşüncədə qış çillələrə (böyük çillə 40 gün, kiçik çillə 20 gün) və boz aya (30 gün) bölünür. Təsəvvürdə qışın bir çox obrazlarına müxtəlif münasibət ifadə edilir. Bu xüsusiyyət çillə nəğmələrində də özünü göstərir.
Araşdırmalarda çillə və çərşənbələr belə aydınlaşdırılır: “Qədim etiqadlara görə qış çillələrə bölünür. Bunlardan birincisi qışın girməsi ilə başlanan böyük çillədir ki, qırx gün davam edir. İkincisi, xalqın öz ifadəsi ilə deyilsə, “qışın oğlan çağı”dır ki, kiçik çillə adlanır və böyüyün yarısı qədər, yəni iyirmi gün davam edir. Nəhayət, qışın son ayı gəlir ki, bu da hər biri yeddi gündən ibarət dörd balaca çilləyə bölünür. Yuxarıda deyildiyi kimi, bu bölgünün əsaslandığı yeddi və qırx rəqəmlərinin müqəddəsliyi islamiyyətdən də, zərdüştlikdən də qədimdir. Son ayın dörd yeddi günlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür hava, torpaq, su və oddur. Qədim etiqadlara görə, son ayın hər həftəsində guya ki, bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də, ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi bir şəkildə qeyd edilirmiş. Qurtaran ilin axır çərşənbəsində isə bütün evlərin həyətində tonqal qalanır, hamı odun üstündən tullanaraq “Ağırlığım, uğurluğum”, yaxud “Azarım, bezarım, tökül bu odun üstünə”,- deyirmiş.
Tədqiqatlardan aydın olur ki, Novruz bayramı öz mərasimləri ilə birlikdə, zaman-zaman Azərbaycanda hakim kəsilmiş dinlərin hamısından çox sadə təsərrüfat bayramı, yəni qışın yola salınması, yazın qarşılanması bayramı olmuşdur. Məhz buna görədir ki, xalqımız müxtəlif dinlərin, məzhəblərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri bir çox bayramları, mərasimləri unutmuş, Novruzu isə insanı əməyə, zəhmətə, maddi nemətləri yaratmağa çağıran təsərrüfat bayramı kimi əsrlər boyu yaşatmışdır. Azərbaycan xalqı indi də hər il həvəslə bu əziz bayramı gözləyir, onu sevinclə qarşılayır, xüsusi bir məhəbbətlə icra edir. Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Novruzqabağı nəğmələrin müəyyən bir hissəsini çərşənbələrlə bağlı ayin və mərasim nəğmələri təşkil edir. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Bu həftələr Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi adlanır.
Xalq mərasimlərinin el arasında fərqli adlandırılması ənənəsi də olmuşdur. Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi” deyilirdi. Bu çərşənbələrin hamısının özünə məxsus adət və ənənələri olduğu göstərilir. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulmuşdur.
“Kosa-Kosa” ilin axır çərşənbəsi günü icra edilir. Bir sıra sehr və əfsun ayinləri əsasında qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq, onu elliklə yola salır, yeni ilin, yəni yazın ilk gününü elliklə bayram edir. Bütün əkinçi xalqların mövsüm nəğmələrinin və bununla bağlı mərasimlərin araşdırılmasından aydın olmuşdur ki, ümumiyyətlə, qədim insan bir fəslin qurtarıb ikinci bir fəslin başlanmasını birincinin ölməsi, daha əvvəl ölmüş olan ikincisinin isə dirilməsi şəklində təsəvvür etmişdir.
Məsələn, “Kosa-Kosa” animizmə əsaslandığı halda, ondan sonrakı dövrlərin məhsulu olan ikinci nəğmə daha çox əfsunla bağlıdır. Burada Novruz bayramına artıq bizim başa düşdüyümüz mənada, doğrudan-doğruya yazın ilk günü kimi baxılmaqdadır. “Kosa-Kosa” oyununun mövsüm nəğmələrində birinci qurtaranı yola salmaq, ikinci yeni başlananı qarşılamaq ünsürləri vardır.
Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar.
Su ilə bağlı sınamalar:
İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.
Çərşənbədə evə süpürgə çəkmək olmaz.
İnanclar:
Süfrəyə su dağılması aydınlıqdır.
Su içən adamı qəfil vurmazlar.
Su içən adamı danışdırmazlar.
Lal axan sudan keçməzlər.
Yuxuda su görmək aydınlıqdır.
Səfərə çıxan adamın arxasınca su atarlar.
Odu su ilə söndürmək günahdır.
Su ilə bağlı atalar sözləri:
Suyun lal axanı, adamın yerə baxanı.
Su bir yerdə qalanda iylənər.
Su gələn arxa bir də gələr.
Su səhəngi suda sınar.
Su murdarlıq götürməz.
Su ilə bağlı türkəçarələr:
Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar.
Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər.
Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.
Su ilə bağlı alqışlar:
Qamən axan görglü suyun qurumasın!
Qara başım qurban olsun, suyum, sana!
Su ilə bağlı tapmacalar:
Ay gedər, ha il gedər,
Gecə gündüz yol gedər.
Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.
Odla bağlı ata sözləri:
Od qalar köz olar, qız qalar söz olar.
Od qalayıb oda düşmüşük.
Od yanan yerdən tüstü çıxar.
Odla bağlı inanclar:
Çərşənbədə ocağı boş qoymazlar.
Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.
Odla bağlı alqışlar:
Ocağın bərəkətli olsun.
Ocağın nurlu olsun.
Ocağın odlu olsun.
Ocağına nur çilənsin.
Ocağın sönməsin.
Odla bağlı qarğışlar:
Oda düşəsən.
Od-ocağa həsrət qalasan.
Ocağın qazan görməsin.
Odla bağlı tapmacalar:
Evdən - evə qızıl yaylıq.
Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır.
Yellə bağı atalar sözləri:
Yelə tüpürsən öz üstünə qayıdar.
Yel qayadan nə aparar?
Yelnən gələn selnən gedər.
Yel əsib qoz tökülüb.
Yellə bağlı tapmacalar:
Hər yan ələk–vələkdir,
İsti tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
Yellə bağlı inanclar:
Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa diləyin yerinə yetər.
Torpaq çərşənbəsini “torpaq - çillə - beçə çərşənbəsi” də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə - suri” adları ilə də tanınır.
Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edilər.
Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
İlaxır çərşənbə ilə bağlı fallar:
Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
“Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. “Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər”, – deyərlər.
“Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır”,- deyərlər.
“Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən” – deyərlər.
“Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan”, - deyərlər.
“Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər”, – deyərlər.
“Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”,– deyərlər.
Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Onun miladdan əvvəl başlanan qədim tarixi vardır. Yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, xalq inanclarından, arxaik ayindən, altı günlük təqvim mifindən və yazla bağlı mövsüm mərasimlərindən qaynaqlanır. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama - Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

Keçidlər