Azyaşlı istedad təltif olundu
Şamaxı rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirdə ən yaxşı ədəbi-bədii kompozisiyalar nümayiş etdirən şəhər 9 saylı tam orta məktəbin rəhbərliyini, həmçinin bu kompozisiyalarda və digər ümumrayon tədbirlərində xüsusilə fərqlənmiş, ifa etdiyi rolları ilə tədbirlərin iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmış 5 yaşlı Haydınova Lalə İntiqam qızını, kompozisiyaların hazırlanmasında xüsusi əməyi olan şəhər 9 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Daşdəmirova Mətanət Aydın qızını qəbul etmişdir.
Həmçinin qəbulda rayon İcra Hakimiyyətinin şöbə müdirləri, rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev və şəhər 9 saylı tam orta məktəbin direktoru Xasay İsayev də iştirak etmişlər.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Xocalı faciəsindən danışmış, bu faciənin xalqımızın yaddaşında dərin iz buraxdığını, heç vaxt unudulmayacağını qeyd etmiş, bugünki tədbirdə təltif olunanlar gələcək tədbirlərdə də öz üzərlərində çalışaraq daha da təsiredici səhnələrin hazırlanması ilə faciə qurbanlarının ruhlarını şad edəcəklərinə ümid etdiyini bildirmişdir.
Daha sonra Asif Ağayev balaca istedad Lalə Haydınovanı və 9 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Mətanət Daşdəmirovanı rayon İcra Hakimiyyəti adından qiymətli hədiyyələrlə və pul mükafatı ilə təltif etdi.
Sonra çıxış edən rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev və şəhər 9 saylı tam orta məktəbin direktoru Xasay İsayev rayon İcra Hakimiyyətinin rəhbərliyinə azyaşlı istedadlara olan diqqətə görə təşəkkür etdiklərini və bundan sonra da belə istedadların kəşf olunmasında və onların gələcək inkişaflarında səylə çalışacaqlarını bildirdilər.
Sonda xatirə şəkili çəkdirildi.