Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olunmuş faciədir
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda anım mərasimi keçirilmişdir. Mədəniyyət sarayında təşkil olunan mərasimin iştirakçıları əvvəlcə Şamaxı İncəsənət təhsil mərkəzinin rəsm sərgisinə baxmışlar. Sərgidə mərkəzin şagirdlərinin Xocalı dəhşətlərini əks etdirən 35 əl işi nümayiş etdirilmişdir.
Sonra Xocalı hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev mərasimdə Xocalı hadisələri, bu qanlı cinayətin günahkarları barədə danışmış, Xocalı soyqırımının xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, heç vaxt unudulmayacağını vurğulamışdır.
Qeyd olunmuşdur ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir. Hazırda Prezident İlham Əliyev Xocalı faciəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin soyqırımı kimi tanıdılmasında qətiyyətli səylər göstərir. Məhz bunun nəticəsidir ki, artıq dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanımışdır.
Sonda Xocalı hadisələri ilə bağlı sənədli film nümayiş etdirilmiş və rayon 9 saylı tam orta məktəbinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar göstərmişlər.