Gənclər və idman naziri Şamaxı şəhərində vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Şamaxıda bölgə sakinlərinin qəbulunu keçirmişdir.
Şamaxı Olimpiya İdman Kompleksində keçirilən qəbulda Sumqayıt şəhərindən, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 40 nəfərə yaxın vətəndaşın müraciətinə baxılmışdır. Müraciətlərin əksəriyyəti yerlərdə Olimpiya idman komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının avadanlıqla təchiz edilməsi, fəxri adların verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşlar, eyni zamanda, gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və işə qəbulla bağlı da müraciət etmişlər.
Nazir Azad Rəhimov bütün müraciətləri diqqətlə dinləmişdir. Bir sıra məsələlər yerindəcə həll olunmuşdur. Araşdırılması zəruri olan məsələlər isə nəzarətə götürülmüşdür.
Sakinlər yerlərdə vətəndaşların vaxtaşırı qəbuluna və problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.