Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda ötən ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur

21 fevral 2014 | 16:00

20 fevral 2014-cü il tarixdə rayon Mədəniyyət Sarayında ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl qonaqlar və iştirakçılar kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.
Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. Prezident İlham Əliyevin 2013-cü il may ayının 16 və 17-də Şamaxıya səfərini, sakinlərlə görüşünü, bunun əhalidə yaratdığı yüksək əhval-ruhiyyəni diqqətə çatdıran natiqlər səfər çərçivəsində dövlətimizin başçısının bir sıra mühüm obyektlərin açılışında iştirakını xatırlatmışlar. Əsaslı surətdə təmir edilərək yenidən qurulan Şamaxı Cümə məscidi, güclü idman bazasına çevrilən Şamaxı Olimpiya Mərkəzi, dünyanın unikal elm mərkəzlərindən olan Şamaxı Astrofizika Rəsədxanası, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi məhz bu obyektlərdəndir.
İclasda Prezidentin “Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 18 yanvar tarixli Sərəncamının xüsusi əhəmiyyəti qeyd olunmuşdur. Belə ki, Sərəncama əsasən rayona 6 milyon manat vəsait ayrılmış və bu, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına şərait yaratmışdır.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır ki, rayon üzrə 2013-cü ildə ümumi məhsul buraxılışının həcmi 151,7 milyon manat olmuşdur. Bu müddətdə əsas kapitala yönəldilən investisiyaların həcmi 44,5 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 41,8 milyon manat, sənaye məhsullarının həcmi 4,3 milyon manat olmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan aqrar bölmədə, o cümlədən taxılçılıqda, heyvandarlıqda yaxşı nəticələr qazanıldığı bildirilmişdir. Ötən bir il  ərzində bu sahədə 49,2 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 4,5 milyon manat çoxdur. Keçən il rayon üzrə 23450 hektar sahədə taxıl biçini aparılmışdır. Sahələrdən 41038,1 ton məhsul götürülmüşdür. Bu rəqəm əvvəlki illə müqayisədə xeyli çoxdur. 2013-ci ildə həmçinin 20318 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır. Qeyd edilmişdir ki, istər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynamışdır. Keçən il rayon üzrə 5949 nəfərə 1 milyon 388 min 500 manat yardım verilmişdir. Ənənəvi üzümçülük rayonlarından olan Şamaxıda hazırda bu sahənin inkişafı xüsusi diqqət mərkəzindədir. Keçən il 87,5 hektarda yeni üzümlük salınmış, bununla da plantasiyaların ümumi sahəsi 1617,5 hektara çatdırılmışdır.
Ötən ilin sonuna kimi rayonda iribuynuzlu mal-qaranın  sayı 37610 başa, xırdabuynuzlu heyvanların sayı 187402 başa, quşların sayı isə 268165 başa çatdırılmışdır ki, bu da 2012-ci illə müqayisədə müvafiq olaraq iri buynuzlu heyvanların sayı 368 baş, xırda buynuzlu heyvanların sayı 2909 baş, quşların sayı isə 59345 baş artmışdır. Həmin dövrdə ət istehsalı 4807,7 ton, süd istehsalı 22674,2 ton, yun istehsalı 373,7 ton və yumurta istehsalı 16580 min ədəd olmuşdur ki, bu da  otən ilin müvafiq dövrünə nisbətən ət istehsalı (diri çəkidə) 3,3 ton, süd istehsalı 315,5 ton, yun istehsalı 1,1 ton, yumurta istehsalı isə 4 mln. ədəd artmışdır. İl əzində arı ailələrinin sayı 4853 başa çatdırılmışdır. Bu da ötən illə müqaisədə 48 ailə çoxdur.
Hesabat ilində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Ümumtəhsil məktəblərinin, səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, turizmin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsində xüsusi layihə əsasında inşa olunmuş, ətrafında geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış Qala divarları hazırda müasir Şamaxımıza xüsusi yaraşıq verir. Yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Qala divarlarının daxilində yeni Etnoqrafiya muzeyi yaradılmış və orada rayonun tarixi keçmişini əks etdirən xeyli eksponatlar toplanılmışdır. Bundan əlavə, İkinci Çaylı, Böyük Xınışlı və Muğanlı kəndlərinin hər birində 80 şagird yerlik yeni təhsil ocaqları istifadəyə verilmişdir. Dövlətimizin başçısının Sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl yolunun 23,5 kilometrində işlər başa çatdırılmış, Şamaxı –Padarqışlaq yolunun 17 kilometrinə asfalt-beton örtük çəkilmiş, il ərzində şəhərin küçələrinin abadlaşdırılması və yenidən qurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır.
Əhalinin təbii qaz və elektrik enerjisi ilə təminatı istiqamətində də tədbirlər davam etdirilmişdir. Ötən il rayonun 10 kəndinə təbii qaz verilmişdir. Artıq 33 yaşayış məntəqəsi qazlaşdırılmışdır ki, bu da rayondakı 20067 ev təsərrüfatının 79,5 faizini təşkil edir. Rayon ərazisində 10/0,4 kv-luq elektrik verilişləri xəttlərində istismar müddəti keçərək yararsız vəziyyətə düşmüş 355 ədəd ağac dayaq yenisi ilə dəyişdirilmiş, 6,8 km 0,4 kv-luq elektrik verilişi xəttləri SİP kabellə əvəz olunmuşdur.
Ötən müddət ərzində şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin daha da sürətləndirilməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə həyata keçirilən operativ tədbirlər öz bəhrəsini verməkdədir. İşin sürəti və keyfiyyəti artmışdır. Belə ki, layihə başlanandan bu günə kimi şəhərin küçələrində 79322 p/m magistral kanalizasiya xətti, 79659 p/m magistral su xətti çəkilmişdir. Bu da ümumi layihənin iş həcminin 60-65 faizini təşkil edir.
Əhaliyə göstərilən nəqliyyat, rabitə və poçt xidmətlərinin həcmi artmışdır. Razılıq hissi ilə bildirilmişdir ki, keçən il rayon icra hakimiyyəti tərəfindən 1 ədəd və “Şamaxı Sərnişin Servis” MMC-nin gəlirləri hesabına 1 ədəd avtobus alınmışdır ki, bu da əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılmasına səbəb olmuşdur. 2013-cü ilin sonuna qədər rayon üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 3100-ə çatdırılmışdır. Genişzolaqlı internet xidmətindən istifadənin yeni avadanlığının istifadəyə verilməsi ilə Əngəxaran, Qonaqkənd və Adnalı kəndlərində genişzolaqlı internet istifadəçilərinin sayı 248-i keçmişdir.
Ötən müddət ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə rayonda sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, onlara ünvanlı sosial yardımın verilməsi daim diqqət mərkəzində saxlanılmışdır. 2013-cü ildə rayon üzrə 2425 ailəyə ünvanlı sosial yardım verilmişdir.
Daha sonra natiq bildirmişdir ki, 2013-ci ildə təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması sahəsində xeyli işlər görülmüşdür.
Hazırda Rayonda 72 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar və 22 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 1772 nəfər müəllim işləməklə 11586 nəfər şagird təhsil alır.
2013-ci ildə şəhər 2 nömrəli tam orta və Avropa liseyi “Elektron məktəb” layihəsinə qoşulmuşdur.
Keçən il rayon mərkəzi xəstəxanasında əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Rayon mərkəzi xəstəxanasında yaradılmış səyyar həkim briqadalarının hər həftə  kənd və qəsəbələrə göndərilməsi, həmçinin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə rayonumuzda da sağlamlıq aylığının keçirilməsi əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır. 2013-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə xəstəxanada təşkil olunan qanvermə aksyasında 678 nəfərdən çox insan iştirak etmiş və 255 nəfərdən qan götürülmüşdür.
Ötən il rayon əhalisinə Müalicə-Diaqnostika Mərkəzi, 131 çarpayılıq mərkəzi, 15 çarpayılıq Göylər kənd xəstəxanaları, 14 həkim və 20  tibb məntəqəsi xidmət göstərmişdir. Ümumiyyətlə, rayon üzrə 152 nəfər həkim və 347 nəfər orta ixtisaslı tibb işçisi rayon sakinlərinin sağlamlığının keşiyində dayanır.
Hesabat dövrü ərzində rayonda Mədəniyyət və Turizm sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, ötən il Şamaxı İncəsənət Təhsil Mərkəzi tikilib istifadəyə verilmiş, rayon mərkəzi kitabxanasının yerləşdiyi bina əsaslı təmir olunaraq istilik sistemi quraşdırılmışdır. 2013-cü ildə Azərbaycanın Şamaxı və Belarusun Oşmyansk rayonlarının qardaşlaşması ilə əlaqədar Saziş imzalanmışdır. Azərbaycanın qeyri-maddi mədəni irsinin ən parlaq nümunəsi olan Novruz bayramı Şamaxıda böyük təntənə ilə qeyd olunmuşdur. Heydər Əliyev Parkında keçirilən Novruz şənliyində Şamaxının xalq sənətkarları, musiqiçiləri, mətbəxt ustaları, fermerləri yüksək səviyyədə çıxış etmişlər. Bundan əlavə görkəmli sənətkar aşıq Məmmədağa Babayevin 80 illik yubileyi Şamaxı şəhərində və Respublikamızın paytaxtı Bakı şəhərində qeyd olunmuşdur. Mart ayında ölkəmizdə Heydər Əliyev fondunun dəstəyilə keçirilmiş “Muğam aləmi” 3-cü Beynəlxalq Muğam Festivalı çərçivəsində Şamaxı rayonunda da bir sıra tədbirlər hazırlanıb həyata keçirilmiş, iyun ayıda tatarların “Sabantuy” bayramı Şamaxı rayonunda təntənə ilə qeyd olunmuşdur. Həmin tədbirdə tatarlarla yanaşı Şamaxının incəsənət ustaları da çıxış etmişlər.
Bildirilmişdir ki, Şamaxı rayonunda 25 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.  Şamaxı-Avaxıl avtomobil yolunun yenidən  çəkilməsi, 743-cü ildə inşa olunmuş tarixi memarlıq abidəsi Şamaxı Cümə məscidinin təmir-bərpa və Şamaxı Astrofizika Rəsədxanasının təmirdən sonra istifadəyə verilməsi Şamaxıya böyük turist axınına səbəb olmuşdur.
2013-cü ildə “Şərədil” istirahət mərkəzində 5 ulduzlu otelin, “Fəxriguşə” istirahət mərkəzinin bazasında müasir standartlara cavab verəcək yeni turizm obyektinin tikintisi davam etdirilmişdir.
Hesabat yığıncağında cari ildə qarşıda duran vəzifələr barədə ətraflı danışılmış, Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar bu sahədə mövcud potensialdan səmərəli istifadə olunması imkanları geniş müzakirə edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirmişdir ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını təmin edəcəkdir.
Daha sonra Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində qazanılmış uğurlardan, ölkədə gedən ictimai-siyasi proseslərdən və cari ildə qarşıda duran konkret vəzifələrdən danışmışdır.
Sonda Prezident İlham Əliyev cənablarına Şamaxı rayon ictimaiyyəti və ziyalıları adından müraciət qəbul olunmuşdur.

Keçidlər