Şamaxıda turizm inkişaf edir
Şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl florası və faunası, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur.
Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etmişdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir.
Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.
Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırılıb. Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir.
Mərkəzdən 12 km şimal – şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var.
Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana zonasındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqlar da onlardan geri qalan deyil. Bu bulaqların suyu müalicə baxımından da çox əhəmiyyətlidir. Maraqlı yerlərə atla gəzintilər turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və ayrı-ayrı rayonlardan gələnlər Şamaxının turizm həyatını daha da canlandırırlar.
Qeyd etmək yerinə düşər ki, rayonun milli mətbəxi də qonaqların marağına səbəb olur. Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, hazırda əsaslı təmir-tikinti işləri görülən Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) qonaqların yaddaşında unudulmaz səhifələrə çevrilir. Şamaxıya İrandan, Türkiyədən, Almaniyadan, Rusiyadan və s. ölkədən turistlər gəlir. Şamaxının ölkə paytaxtına yaxın olması da həm yerli, həm də xarici turistlər üçün çox əlverişlidir.
Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə artır. 2013-cü ilin may ayında 743-cü ilin yadigarı Şamaxı Cümə Məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması Şamaxıya daha da çox turist axınına səbəb olmuşdur.
Şamaxı rayonu beynəlxalq və ölkə standartlarına cavab verən turist xidmət göstəricilərinə, yerli və xarici qonaqlar qəbul etmək imkanına malikdir.
Təsadüfi deyil ki, son illər rayona gələn turistlərin sayı sürətlə artır. Belə ki, bu göstərici 2011-ci ildə 70150 nəfər, onlardan 3650 nəfər xarici turist, 2012-ci ildə 71100 nəfər, onlardan 5500 nəfəri xarici turist, 2013-cü ildə isə 81000 nəfər, onlardan 9700 nəfəri xarici turistlərdir.
Bu gün rayonda 900 yerləşmə yeri olan 25 turist obyekti və 5 turist marşrutu mövcuddur.
Şamaxı rayonu üzrə turist marşrutları:
1. Şamaxı – Pirqulu – Dəmirçi kəndi
2. Şamaxı – Gülüstan qalası
3. Şamaxı – Kələxana kəndi
4. Şamaxı – Göylər kəndi
5. Şamaxı – Qaleyi Bəyqurd qalası