Şriftin ölçüsü :

Saytın rəngi :

Aktual problemlərin həllində elmi potensialın cəmləşdirilməsi günün vacib məsələsidir

26 yanvar 2014 | 16:00

Yanvarın 25-də AMEA-nın Yer, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxış” mövzusunda seminar keçirilmişdir. Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvi Əyyub Quliyev seminarın əhəmiyyətindən danışmış və müvafiq mövzunun bu gün dünyada aktual olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Yer planetində baş verən təbii proseslər və onların yaratdığı problemlər, o cümlədən zəlzələlər, qasırğalar, vulkan püskürmələri, kometa və asteroid təhlükələri elmi ictimaiyyəti düşündürən mühüm məsələlərdəndir. AMEA-nın təşəbbüsü ilə ilk dəfə keçirilən seminarın əsas məqsədi elmi nəticələrin kompleks dəyərləndirilməsinə nail olmaq, konkret sahələrdə alim və mütəxəssislərin səylərinin birləşdirilməsini, bu potensialdan səmərəli istifadəni təmin etməkdir. Seminarda “Optimal idarəetmənin riyazi üsulları”, “Yer tipli planetlərdə mühit sıxlığının qanunauyğunluqlarının ümumi elmi əsasları”, “Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında”, “Yer planetinə kometa, asteroid və meteorit təhlükəsi” mövzularında elmi məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Çıxış edən alimlər Azərbaycanda elmi tədqiqatların genişləndiyini, kifayət qədər işlərin aparıldığını bildirmişlər. Diqqətə çatdırılmışdır ki, yeraltı sərvətlərlə zəngin olan ölkəmizdə yerin təkinin öyrənilməsi istiqamətində böyük tədqiqatlar aparılır. Hələlik yer qabığının cəmi 8-10 kilometri öyrənilmişdir.
Seminarda ötən il Azərbaycanda 24 zəlzələnin qeydə alındığı, onlardan 6-nın məhz Şamaxı ərazisində baş verdiyi bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, ölkədə 35 seysmoloji stansiya fəaliyyət göstərir və zəlzələ ocaqları bir qayda olaraq yer təkinin 18-20-ci kilometrliyindədir. Bu zəlzələlər Qobustanda vulkanların tədricən oyanmasına və püskürməsinə, Şamaxının Muğanlı kəndində torpaq sürüşməsinin artmasında böyük təsir göstərmişdir.
Tədbirdə Yer planeti, onun təkinin öyrənilməsi, ölkə iqtisadiyyatının inkişafı, gələcək potensialı ilə bağlı konkret mövzularda seminarların respublikamızın ayrı-ayrı bölgələrində də keçirilməsinin nəzərdə tutulduğu bildirilmişdir.

Keçidlər