Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Qarabağ əlilinin oğlu üçün tikilmiş evin açılışı olub

05 noyabr 2011 | 16:00

Şamaxı rayonunda şənbə günü Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışı olub.

Rayonun Qalaybuğurt kəndi ərazisində Qarabağ əlili Mərdan Hacıyevin oğlu Bəhlulun ailəsi üçün inşa olunan mənzil Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və şəxsi təşkilatçılığı ilə tikilib.

Açılış mərasimində millət vəkili Süleymanovla yanaşı, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, həmçinin Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filip Blanşar iştirak edib.

Mənzilin açılışından əvvəl qonaqların iştirakı ilə qurban kəsilib.

Sonra Süleymanov çıxış edərək Qarabağ uğrunda sağlamlığını itirmiş Mərdan Hacıyevin qəhrəmanlığından, onun nümunəvi insani keyfiyyətlərindən danışıb. İcra başçısı Məmmədov isə təşəbbüsə və göstərdiyi köməyə görə Süleymanova təşəkkür edib.

O bildirib ki, əlil, həmçinin aztəminatlı insanların problemləri hər zaman diqqət mərkəzində olmalıdır.

Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filip Blanşar çıxışında bildirib ki, mənzilin tikilməsi Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə göstərilən diqqətin nümunəsidir. O yeni ailə həyatı qurmuş gənclərə hədiyyələri təqdim edib.

Blanşar hər dəfə Şamaxıya gəldiyi zaman çox sevindiyini,
buranın insanlarına bağlandığını deyib.

Gənclərin toy mərasimi bu ilin yayında baş tutub.

Keçidlər