Şamaxıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunmuşdur
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Şamaxı rayon Mədəniyyət Sarayında Anım tədbiri keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş rayonun ümumtəhsil məktəbi şagirdlərinin rəsm və əl işləri ilə tanış olmuşlar.
Tədbir açıq elan edildikdən sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İyirmi dörd il əvvəl keçmiş sovet ordusu tərəfindən törədilmiş bu qanlı aksiyadan bəhs edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov bildirmişdir ki, Azərbaycan xalqına, bütövlükdə insanlığa qarşı həyata keçirilən vəhşi terror aktı tariximizə həm faciəli, həm də şərəfli bir səhifə kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda fövqəladə vəziyyətin elan olunmasını əhaliyə xəbər vermədən sovet imperiyasının keçirdiyi hərbi əməliyyatlarda 147 nəfər silahsız mülki şəxs amansızcasına öldürülmüşdür. Bundan əlavə həmin hadisələr zamanı xeyli sayda insan yaralanmış və itgin düşmüşdür.
Natiq daha sonra qeyd etmişdir ki, 1990-cı ilin yanvar ayının 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Ümummilli liderimiz mətbuat konfransı keçirərək başda M.Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırdı. Bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.
Qasım Qasımov daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindəb həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin adlarının əbədiləşdirildiyini, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulamışdır.
Anım mərasimində 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişindən sonra tədbir iştirakçılarına Şamaxı Avropa liseyi və şəhər 9 saylı tam orta məktəbinin şagirdlərinin ifasında maraqlı ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.