Şamaxıda “Narkomaniya ağ ölümdür” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Şamaxı rayon İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının birgə təşkilatçılığı ilə dekabrın 19-da rayon Mədəniyyət sarayında “Narkomaniya ağ ölümdür” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Əsasən gənclərin və yeniyetmələrin iştirak etdikləri elmi-praktik konfransı Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev açaraq mövzunun aktual olduğunu diqqətə çatdırmış, narkomaniyanın cəmiyyətə gətirdiyi bəlalardan danışmışdır. Tədbirdə çıxış edən AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova, rayon prokuroru Zakir Müslümov, rayon Polis şöbəsinin rəisi Şahmar Paşayev, rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, rayon Poliklinika şöbəsinin həkim-terapevti Yasən Cabbarov, rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov və başqaları ağ ölümün fəsadlarından, ölkəmizdə bu bəlaya qarşı aparılan ardıcıl və məqsədyönlü mübarizədən, bu işdə həlli vacib məsələlərdən bəhs etmişlər.
Göstərilmişdir ki, ulu öndər Heydər Əliyevin 1996-ci il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında”kı Fərmanı, eləcə də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotor maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” mübarizə tədbirlərinin daha səmərəli, ardıcıl və məqsədyönlü şəkildə aparılmasında mühüm əhəmiyyət daşıyır.
Elmi-praktik konfransda Şamaxı rayonunda da narkomaniyaya qarşı aparılan mübarizədən ətraflı bəhs olunmuş və göstərilmişdir ki, 2013-cü ilin ötən müddətində Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 6 cinayət faktı aşkar olunmuşdur. Aşkar edilən faktlar üzrə ümumilikdə 450,7 qram narkotik maddə müsadirə edilərək götürülmüşdür. Rayon ərazisində, xüsusilə meşə və kolluqlarda narkotik tərkibli bitkilərin yabanı halda yayılmasının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir. Bu işdə polis şöbəsi, ərazi dairəsi üzrə nümayəndəliklər və yerli özünüidarəetmə orqanları birgə fəaliyyət göstərirlər.
Tədbirdə ağ ölümlə mübarizədə yeniyetmə və gənclər arasında profilaktik işlərin gücləndirilməsinin zəruriliyi qeyd olunmuş, rayonun bütün orta ümumtəhsil müəssisələrində, ali və orta ixtisas təhsili müəssisələrində maarifləndirmənin vacib olduğu vurğulanmışdır.