“Vergi dostları” layihəsi çərçivəsində Şamaxıda növbəti tədbir keçirilmişdir
Vergilər Nazirliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Şamaxıda “Vergi dostları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqəsini cəlb etmək məqsədi daşıyan tədbirdə Şamaxı, Qobustan və Ağsu rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, həmkarlar təşkilatlarının nümayəndələri, rayonların ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə nazirlik tərəfindən həyata keçirilən layihələr, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və sənəddə Vergilər Nazirliyinə aid tədbirlərin icrası məqsədi ilə qəbul olunmuş “2013-2020-ci illərdə vergi sisteminin inkişaf strategiyası” haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənd və qəsəbələrdə ictimaiyyətin daha fəal üzvü olan müəllimlərdən ibarət “Vergi dostları” şəbəkəsinin yaradılması və bunun əhəmiyyəti barədə danışmışdır. Gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, indiyədək respublika üzrə 1330 müəllimə müvafiq təlim keçilmiş və onların hər birinə “Vergi dostu” sertifikatı verilmişdir. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, yeniyetmə və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Tədbirdə çıxış edən nazirliyin vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov demişdir ki, müasir vergi siyasətinin əsas istiqamətlərindən biri məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçidi təmin etməkdir. Bu məqsədlə vergi orqanları vergi ödəyiciləri arasında vergi mədəniyyətini yüksəltmək və vergi sahəsində təbliğat, məlumatlandırma və maarifləndirmə işini gücləndirməklə bağlı ardıcıl tədbirlər həyata keçirirlər.
Tədbirdə təlimi müvəffəqiyyətlə başa vurmuş 65 nəfər “Vergi dostu”na üzvlük sertifikatı, “Vergi dostu”nun yaddaş kitabçası və kompyuter təqdim olunmuşdur. Onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamışlar. Beləliklə, respublika üzrə “Vergi dost”larının ümumi sayı 1395 nəfərə çatmışdır.