Vergilər naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Vergilər naziri Fazil Məmmədov noyabrın 22-də Şamaxıdakı 4 saylı ərazi vergilər idarəsində Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin irəlicədən tərtib olunmuş qrafik əsasında bölgələrdə vətəndaşların qəbulu çərçivəsində təşkil olunan tədbirdə, habelə nazirliyin müvafiq struktur rəhbərləri də iştirak etmişlər.
Nazir Fazil Məmmədov qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləmiş, qarşılaşdığı çətinliklərin, təkliflərin operativ həlli üçün konkret göstərişlər vermişdir. Nazirə, ümumilikdə 50 nəfərədək vətəndaş müraciət etmişdir. Bu müraciətlər əsasən vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınmış, bir sıra məsələlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.
Qəbula gələn vətəndaşlar, o cümlədən Qobustandan Lalə Maxsudova, Şamaxıdan Əmrah Mahmudov, Hacbaba Şıxıyev və başqaları yerlərdə təşkil olunan qəbula və yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.