Şamaxıda “Fövqəladə halların qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlərin təşkili” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Fövqəladə hallar nazirliyi Şimal-Qərb Regional Mərkəzi Şamaxıda “Fövqəladə halların qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlərin təşkili”nə həsr olunmuş “dəyirmi masa” keçirmişdir.
Rayon icra hakimiyyətinin akt zalında təşkil edilən tədbirdə bələdiyyə sədrləri, yerli icra nümayəndəliklərinin işçiləri, Şamaxı elektrik şəbəkəsinin, qaz istismar idarəsinin, yol istismarı idarəsinin, birləşmiş qazanxana və istilik şəbəkələri sahəsinin rəhbərləri iştirak etmişlər. “Dəyirmi masa” ətrafında çıxış edənlər əsas diqqəti müasir dövrdə getdikcə artan texnogen mənşəli fövqəladə hallara cəlb edərək bu sahədə hər kəsin diqqət yetirməli olduğu vacib məsələlərə yönəltmişlər.
Şimal-Qərb Regional Mərkəzinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin baş zabiti Rövşən Məmmədov, regional mərkəzin ictimai əlaqələr, təbliğat-təşviqat sektorunun baş məsləhətçisi Natiq Rüstəmov, Şamaxı rayon İH-nin tikinti və memarlıq şöbəsinin baş məsləhətçisi Sarvan İsmayılov və başqaları çıxışlarında ən çox baş verən yanğınlar, nəqliyyat qəzaları, dəm qazından zəhərlənmələr, elektrik vurmaları kimi texnogen hadisələrdən danışmışlar. Payız-qış mövsümünün gəlməsi ilə bu hadisələrin baş vermə ehtimalının daha da artığı qeyd olunaraq bildirilmişdir ki, bir çox hallarda insanların ölümü, yaralanması, əmlaka külli miqdarda ziyan dəyməsi ilə nəticələnən bu cür fövqəladə hallar səhlənkarlıq, diqqətsizlik, qaydaları bilməmək üzündən yaranır.
“Dəyirmi masa”da fövqəladə hallarla əlaqədar adamların maarifləndirilməsinin zəruriliyi də vurğulanmışdır.