Rayonun Dəmirçi və Dağ Bağırlı kəndlərində səyyar qəbul-görüş keçirilmişdir
28 oktyabr 2013-cü il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin Dəmirçi kənd sakinləri ilə, 29 oktyabr 2013-cü il tarixdə isə Dağ Bağırlı kənd sakinləri ilə səyyar qəbul–görüşü keçirilmişdir.
Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Hər iki kənddə keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək sakinləri salamlamış, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə müraciət etmişlər.
Dəmirçi kənd sakinləri Ağakərim Kərimov Pirqulu-Dəmirçi yolunun təmirinə, Mahur Məmmədova tibb məntəqəsi üçün yeni binanın tikilməsinə, Niyazi Babayev kənd təsərrüfatı məhsullarının becərilməsi üçün texnikanın verilməsinə köməklik göstərilməsini, Dağ Bağırlı kənd sakinləri Bariz Nəsirov kəndə qaz çəkilişinin sürətləndirilməsinə, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsinə və kənd məktəbi üçün yeni binanın tikilməsinə, İmanqulu Beydullayev kənddə poçt binasının tikilməsinə, Əzizağa Kərimov Göylər-Dağ Bağırlı yolunun əsaslı təmirinə və digər sosial məsələlərin həll olunmasını xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Dəmirçi və Dağ Bağırlı kəndlərində keçirilən səyyar qəbul–görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.