Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı iqtisadiyyatı dinamik inkişaf edir

19 oktyabr 2013 | 15:00

Şamaxıda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ilk öncə diqqəti  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasına, iclasda ölkə başçısının proqram nitqindən irəli gələn konkret tapşırıqlara cəlb etmişdir. Ötən doqquz ayda Azərbaycanda sosial-iqtisadi sahələrdə diqqətəlayiq uğurların qazanıldığını konkret faktlarla diqqətə çatdıran natiq ölkəmizin həyatında mühüm siyasi  hadisə olan 9 oktyabr - Prezident seçkilərinin yüksək səviyyədə,  azad, demokratik və şəffaf keçdiyini vurğulamışdır. Göstərmişdir ki, bu seçkilərdə də müdrik Azərbaycan xalqı, o cümlədən şamaxılılar öz taleyini cənab İlham Heydər oğlu Əliyevə etibar etdi. Dövlətimizin başçısı böyük üstünlüklə qalib gəldi. Xalqımız bu seçimi etməklə İlham Əliyevin timsalında bir daha güclü  dövlətə, işıqlı gələcəyə və sürətli inkişafa səs vermişdir.
Həmçinin rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımovun məruzəsində, eləcə də DSMF rayon şöbəsinin müdiri Tərlan Xəlilovun, rayon Statistika idarəsinin rəisi Azər Məmmədovun və İqtisadi İnkişaf Nazirliyinin Dağlıq Şirvan Ərazi idarəsinin rəisi Azər Qasımovun çıxışlarında ötən doqquz ayda Şamaxıda da sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanıldığı, qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, doqquz ayda rayonda 121 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu da keçən ilin  müvafiq dövründəkindən 6,8 milyon manat və ya 6 faiz çoxdur. Bu müddətdə təkcə sənaye məhsullarının həcmi 11,6 faiz artaraq 3,7 milyon manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 327 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, regionların  sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramından bəri rayon üzrə 9905 yeni iş yeri yaradılmışdır ki, bunun da 7234-ü daimidir.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda da nəticələr uğurludur. Doqquz ayda rayonda 40,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İstehsalçılara göstərilən dövlət dəstəyi də bu sahənin inkişafına güclü təsir göstərir. Doqquz ayda 5949 kənd təsərrüfatı istehsalçısına 1 milyon 388 min manat yardım verilmişdir.
Məruzə və çıxışlarda taxılçılıq, heyvandarlıq, üzümçülük sahələrində əldə olunan nailiyyətlər geniş təhlil edilərək hesabat dövründə tikinti-quruculuq və abadlıq işlərindən, həyata keçirilən iri həcmli infrastruktur layihələrindən, turizmin  inkişafı istiqamətində görülən işlərdən  ətraflı danışılmışdır.
Müşavirədə Prezident İlham Əliyevin respublikamızın digər bölgələri kimi Şamaxıya göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunmuşdur. Ölkə başçısının bu ilin may ayında rayona tarixi səfəri çərçivəsində genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Mərkəzi, əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən  qurulan Şamaxı Astrofizika Rəsədxanası, tarixi keçmişimizə və milli-dini dəyərlərimizə layiq əsaslı təmir olunaraq yenidən qurulan Şamaxı  Cümə məscidi, Şamaxı Uşaq İncəsənət  Təhsil Mərkəzi üçün tikilmiş yeni bina istifadəyə verilmişdir.
Müşavirədə, habelə təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki  bazasının yaxşılaşdırılması, əhalinin elektrik enerjisi,  təbii qazla normal təminatı, su təchizatı ilə əlaqədar görülən işlər ətraflı təhlil olunmuş,  habelə qarşıda duran vəzifələr barədə geniş  danışılmışdır.

Keçidlər