Rayonun 4 kəndinə təbii qaz verilmişdir
Son vaxtlar Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Sentyabrın 22-də rayonunun Həmyəli, Cabanı, İkinci Cabanı və İkinci Çaylı kəndlərinə də təbii qazın verilişi bərpa olunmuşdur.
Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək həmin kəndin sakinlərini təbrik etmiş, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində respublika və rayon miqyasında görülən işlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə həmçinin qeyd edilmişdir ki, kəndlərin qazlaşdırılması üçün, ümumilikdə, 21,9 kilometr uzunluğunda polad borularla məhəllədaxili və 16 kilometr uzunluğunda polietilen borularla daşıyıcı qaz xəttləri çəkilmiş, 536 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Açılış mərasimlərində çıxış edən ictimaiyyət nümayəndələri kəndlərin təbii qazla təchiz olunmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.