Şamaxı rayonunda yeni məktəb binaları istifadəyə verilmişdir
Respublikamızın hər yerində olduğu kimi, qədim Şamaxı torpağında da Bilik Günü böyük təntənə ilə qeyd olunmuşdur. Şəhər, qəsəbə və kənd ümumtəhsil müəssisələrində Bilik Günü ilə əlaqədar keçirilən bütün tədbirlərdə belə bir yekdil fikir vurğulanmışdır ki, Azərbaycan təhsili sürətlə inkişaf edirək yeni-yeni uğurlara imza atır.
Yeni dərs ili rayonun Böyük Xınıslı, İkinci Çaylı, Hacılı və Muğanlı kənd sakinləri üçün daha əlamətdar olmuşdur. Belə ki, 2013-cü ilin sentyabr ayının 16-da Böyük Xınıslı, İkinci Çaylı ümumi orta, Hacılı kənd tam orta məktəblərinin hər biri üçün 80 yerlik və Muğanlı kənd tam orta məktəbi üçün isə 180 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir.
Yeni məktəb binalarının açılış mərasimlərində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon Təhsil şöbəsinin müdir əvəzi Baba Nəsirov, Böyük Xınıslı kənd ümumi orta məktəbinin direktoru Fəridə Əliyeva, Hacılı kənd tam orta məktəbinin direktoru Qonçubəy Xələfov, Muğanlı kənd tam orta məktəbinin direktoru Bəşir Cəfərov, Fövqəladə Nallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov, valideynlərdən Davud Fətəliyev, Əlizadə İsgəndərov və başqaları çıxış edərək yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə müəlim və şagird kollektivlərini, həmçinin kənd sakinlərini təbrik etmiş, bununla əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Natiqlər xüsusi razılıq hissi ilə qeyd etmişlər ki, son on ildə respublikamız böyük inkişaf yolu keçmişdir. Bu inkişaf Azərbaycanın bütün sahələrində açıq-aydın şəkildə hiss olunur. Lakin qeyd olunan müddətdə təhsi sahəsinə, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə daha çox diqqət yetirilmişdir. Demək olar ki, hər həftə ölkəmizin müxtəlif guşələrində yeni-yeni təhsil müəssisələrinin açılışlarına həsr olunmuş tədbirlər keçirilir. Belə açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsi təhsilə dövlət qayğısının yüksək səviyyədə olmasından xəbər verir.
Bildirilmişdir ki, Şamaxı rayonunda da təhsilin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir. Son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu sahədə müsbət dəyişikliklər hiss olunmaqdadır. Bu ilki qəbul zamanı rayon məktəblərinin məzunlarından 200 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Həmçinin rayon üzrə imtahan verən məzunlarımızdan 5 nəfərinin 600-dən, 25 nəfərinin 500-dən çox bal toplaması xüsisi qeyd olunmağa layiq hadisədir.
2013-2014-cü dərs ilinin mühüm hadisələrindən biri də məktəblərimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində əsaslı addımların atılmasıdır. Bu dərs ilində rayonun müxtəlif kəndlərində 320 yerlik 4 məktəb binası istifadəyə verilmişdir. Hazırda Cabanı kənd məktəbi üçün yeni 80 yerlik binanın tikintisi, həmçinin 1 098 yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmir olunması davam etdirilir. Eyni zamanda Uşaq-gənclər yaradıcılıq mərkəzində və Dağ Bağırlı, Zarat Xeybəri kənd məktəblərində isə cari təmir işləri başa çatdırılmışdır. Ümumiyyətlə, ötən on il ərzində rayonda 3 360 yerlik 18 məktəb binası, o cümlədən Heydər Əliyev Fondu tərəfindən 780 yerlik 5 məktəb binası istifadəyə verilmişdir. Bundan əlavə qeyd olunan müddət ərzində 4 864 yerlik 7 məktəb binası əsaslı təmir edilmişdir.