ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda keçirilən Avropa immunlaşdırma həftəsi kampaniyasında iştirak edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru doktor Hans Klugenin Azərbaycana səfəri davam edir. Səfərin ikinci günündə doktor Kluge Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və inkişaf tərəfdaşları ilə birgə son iki il ərzində USAID və UKAID maliyyə dəstəyi ilə keçirilən, ÜST-nin Azərbaycandakı “İlkin səhiyyə xidməti üzrə nümayiş” layihəsi həyata keçirilən Şamaxı rayonunu ziyarət edib.
ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa immunlaşdırma həftəsi çərçivəsində keçirilən tədbirlərə qatılıb. Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb. Daha sonra qonaqlar Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb tələbələri və icma liderləri ilə görüşüb, həftə çərçivəsində keçirilən tədbirlər haqqında məlumatlandırılıb. Sonda qonaqlar ilkin səhiyyə xidmətinin təşkili modeli və növbəti addımları müzakirə etmək üçün ÜST-nin Şamaxıdakı Təlim Mərkəzinə gedib.
“İlkin səhiyyə xidmətinin gücləndirilməsi universal tibbi təminatın əsasını təşkil edir. Bu gün Şamaxıda keçirilən layihələr səhiyyə xidmətlərini daha əlçatan edir, yerli, milli və beynəlxalq tərəfdaşların birgə iştirakı ilə əhalinin sağlamlığını qorumaq üçün əməkdaşlığın parlaq nümunəsidir. Avropa immunlaşdırma həftəsi ərzində əhali arasında sağlamlıq monitorinqləri və vaksinasiya zamanı tibb və tibb bacısı tələbələrinin - gələcəyin səhiyyə liderlərinin enerjisini və peşəkarlığını görmək bizim üçün ilham mənbəyidir”, – deyə doktor Kluge qeyd edib.
Avropa İmmunlaşdırma Həftəsinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub. “Peyvənd ol, sağlam ol, çox yaşa!” şüarı ilə həyata keçirilən kampaniyanın məqsədi təhlükəli xəstəliklərin qarşısının alınmasında, sağlamlığın və insan həyatının qorunmasında immunizasiyanın əhəmiyyəti haqqında əhalini maarifləndirmək və peyvəndləmə əhatəsini artırmaqdır.
Kampaniyanın həyata keçirilməsində Azərbaycan Tibb Universiteti, 1 və 2 saylı Bakı Tibb Kolleclərinin tələbələri və icma liderləri iştirak edir. Kampaniya çərçivəsində əhali arasında COVID-19 və uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin yaşlı insanların və uşaqların vaksinasiyası, həmçinin əhalinin sağlamlıq risklərinin qiymətləndirilməsi və uşaqların boy və çəki monitorinqi aparılır. Tələbələr və icma liderləri kənd sakinlərinə baş çəkərək peyvəndləmədən kənarda qalan uşaqları, peyvənd olunmamış yaşlı şəxsləri peyvənd olunmağa dəvət edir, habelə ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi üçün skrininq testindən keçməyi təklif edirlər.