Şriftin ölçüsü :

Saytın rəngi :

ÜST Şamaxıda Avropa immunlaşdırma həftəsini qeyd edir

24 aprel 2022 | 16:00

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Avropa immunlaşdırma həftəsi ilə əlaqədar olaraq Şamaxı rayonunun 6 kəndində immunlaşdırma kampaniyasına start verilib.

Aprelin 24-dən 30-na kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə təşkil edilən tədbir “Peyvənd ol, sağlam ol, çox yaşa!” şüarı altında keçirilir. Kampaniyanın məqsədi təhlükəli xəstəliklərin qarşısının alınmasında və sağlamlığın və insan həyatının qorunmasında immunizasiyanın əhəmiyyəti haqqında əhalini maarifləndirmək və peyvəndləmə əhatəsini artırmaqdır.

Kampaniyanın həyata keçirilməsində Azərbaycan Tibb Universiteti, 1 və 2 saylı Bakı Tibb kolleclərinin tələbələri və icma liderləri iştirak edir. Kampaniya çərçivəsində əhali arasında COVID-19 və uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin yaşlı insanların və uşaqların vaksinasiyası, həmçinin əhalinin sağlamlıq risklərinin qiymətləndirilməsi və uşaqların boy və çəki monitorinqi kimi tədbirlər həyata keçiriləcək. Tələbələr icma liderləri ilə birgə kənd sakinlərinə baş çəkərək peyvəndləmədən kənarda qalan uşaqları, peyvənd olunmamış yaşlı şəxsləri peyvənd olunmağa dəvət edir, habelə ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi üçün skrininq testindən keçməyi təklif edirlər.

Kampaniya müddəti boyunca əhaliyə COVID-19 vaksinasiyası və rutin immunlaşdırmaya dair maarifləndirici materiallar da təqdim ediləcək.

Aprelin 27-də ÜST-nin Avropa üzrə regional direktoru doktor Hans Kluge Azərbaycana rəsmi səfəri çərçivəsində Şamaxı rayonunu ziyarət edərək tələbələrlə görüşəcək və həftə çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Keçidlər