Şamaxı rayon təhsil işçilərinin konfransı keçirilmişdir
Sentyabrın 5-də Mədəniyyət Sarayında rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.
Konfransda rayon təhsil şöbəsinin müdir əvəzi Baba Nəsirov 2012-2013-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında müzakirələrdə rayon Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, şəhər 2 saylı tam orta məktəbin direktor müavini Gülnisə Ələkbərova, bu il rayon üzrə ən yüksək bal toplayan məzun Təhminə Abdullayeva, rayon İcra Hakimiyyəti başçısının İkinci Cabanı kəndi üzrə nümayəndəsi Seyidrza Vəliyev və başqaları iştirak etmişlər.
Konfransda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı çıxış edərək təhsil sahəsinə göstərilən dövlət qayğısından ətraflı söhbət açmış, 2012-2013-cü dərs ili dövründə istər respublika, istərsə də rayon miqyasında görülmüş işləri və yeni dərs ilində qarşıda duran əsas vəzifələri təhlil etmişlər.
Konfransda qeyd edilmişdir ki, bu gün respublikamız dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yer tutur. Bu inkişaf cəmiyyət həyatının bütün sahələrini, o cümlədən təhsil sistemini də əhatə edir. Razılıq hissi ilə bildirmək istəyirəm ki, bu strateji sahənin inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Məhz son on ildə dövlətimizin başçısının tapşırığına əsasən ölkədə həyata keçirilən böyük proqram və layihələr nəticəsində Azərbaycan təhsili böyük inkişaf yolu keçmiş, onun infrastrukturu daha da möhkəmləndirilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə sentyabr ayından təhsil işçilərinin aylıq vəzifə maaşları artırılmışdır. Bu, bir daha təhsil işçilərinə göstərilən daimi diqqət və qayğının davamıdır.
Şamaxı rayonunun ümumtəhsil sahəsi geniş şəbəkəyə malikdir. Rayonda 51 tam, 17 ümumi orta, 4 ibtidai və 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərində 11 503 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1 772 nəfər müəllim məşğul olmuşdur. Bu il rayon üzrə on birinci sinfi 605 nəfər bitirərək attestat, doqquzuncu sinfi qurtaran 1 021 nəfər şagird isə şəhadətnamə almışdır. İlk dəfə olaraq şəhər tam orta məktəblərinin məzunları ulu öndərin abidəsini ziyarət edərək attestatlarını Heydər Əliyev Mərkəzində təntənəli şəkildə almışlar.
Bildirilmişdir ki, vaxtilə Şamaxı təhsili qabaqcıl ənənələri ilə fərqlənib. Lakin təəssüf ki, son dövrlər bu ənənələr layiqincə qorunmadığına, bu sahəyə lazımi diqqət göstərilmədiyinə görə tədrisin keyfiyyəti aşağı düşməklə rayonun ümumtəhsil sistemində ciddi geriləmələrə yol verilmişdir. 2012-2013-cü dərs ili ərzində əsas məqsəd təhsil sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması olmuşdur. Ötən müddət ərzində bu sahədə həyata keçirilən tədbirlər getdikcə öz müsbət bəhrələrini verməkdədir. Bunu cari dərs ilinin yekunları da sübut edir. Bu ilki rayon məzunlarından 200 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Bu rəqəm əvvəlki illərə nisbətən iki dəfə çoxdur. Həmçinin rayon məzunlarından 5 nəfərinin 600-dən və 25 nəfərinin isə 500-dən yuxarı bal toplaması bu uğurun təsadüfi olmamasının göstəricisidir.
Ötən dərs ilinin mühüm hadisələrindən biri də məktəblərimizin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində əsaslı addımların atılmasıdır. Bu dərs ilində rayon üzrə 320 yerlik 4 məktəb binası istifadəyə veriləcəkdir. Hazırda Cabanı kənd məktəbi üçün yeni 80 yerlik binanın tikintisi, həmçinin 1 098 yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmir olunması davam etdirilir. Eyni zamanda Uşaq-gənclər yaradıcılıq mərkəzində və Dağ Bağırlı, Zarat Xeybəri kənd məktəblərində isə cari təmir işləri başa çatmaq üzrədir. Ümumiyyətlə, ötən on il ərzində rayonda 3 360 yerlik 18 məktəb binası, o cümlədən Heydər Əliyev Fondu tərəfindən 780 yerlik 5 məktəb binası istifadəyə verilmişdir. Bundan əlavə qeyd olunan müddət ərzində 4 864 yerlik 7 məktəb binası əsaslı təmir edilmişdir.
Məktəblərin İKT vasitələri ilə təmin olunması istiqamətində də müəyyən işlər görülmüşdür. Hazırda rayonun 26 ümumtəhsil məktəbi internet şəbəkəsinə qoşulmuşdur. Rayon məktəblərində 19 kompüter kabineti fəaliyyət göstərir. Şamaxı Avropa liseyi və şəhər 2 saylı tam orta məktəbi “Elektron məktəb” layihəsinə qoşulmuşlar. Daha maraqlı faktdır ki, şəhər 10 saylı və Nağaraxana tam orta məktəbləri “Bir şagird-bir kompüter” adlı respublika müsabiqəsinin qalibi kimi İKT vasitələri ilə təmin olunmuşlar.
Rayonun təhsil işçilərinin sentyabr konfransının iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidentinə Müraciət qəbul edilmişdir.
Konfransın sonunda təhsidə fərqlənən müəllimlərə və rayon üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstərən bir qrup abituriyentlərə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.