Azərbaycan Premyer Liqası: “Neftçi” Şamaxıda qələbə qazanıb
Aprelin 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Turun açılış matçı Şamaxıda gerçəkləşib. Şəhərin eyniadlı komandası son çempion "Neftçi"ni qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.
Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabərlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. Matçın 72-ci dəqiqəsində isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.
Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk matçı olub.
Bu nəticədən sonra "Neftçi" 41 xalla ikinci, "Şamaxı" 20 xalla 6-cı pillədə qərarlaşıb. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olub. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 111:67.
Günün ikinci matçı paytaxtda olacaq. İyirmi doqquz xalla 5-ci sırada yer alan "Sabah" 36 xalla 3-cü yerdəki "Zirə"ni qəbul edəcək. Premyer Liqadakı 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də "qartallar" meydanı 3 xalla tərk edib. Topların nisbəti bərabərdir - 19:19.