Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülhün Kökləri” təşkilatının qurucusu Şamaxıya səfər edib

03 mart 2022 | 16:00

Dünyaşöhrətli ictimai xadim, “Sülhün Kökləri” təşkilatının qurucusu xanım Haydi Künün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə ölkəmizə səfəri davam edir.

Beynəlxalq aləmdə, həm də Əfqanıstanda altı il ərzində kənd təsərrüfatı məhsullarının ixrac həcminin 250 milyon dollardan 1,4 milyard dollara yüksəlməsində mühüm rol oynayan Haydi Kün Azərbaycanın üzümçülük şəhərlərindən olan və şərabçılıq ənənələrini yaşadan Şamaxı rayonuna gedib.

Haydi Kün Meysəri kəndində üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, BAMF-in prezidenti Umud Mirzəyev, ANAMA-nın idarə heyəti sədrinin müavini Samir Poladov ilə söhbət zamanı şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixi barədə məlumatların geniş ictimaiyyətin diqqətinə çatdırılmasının əhəmiyyəti barədə müzakirələr aparılıb.

Səfərin sonunda qonaqlar Haydi Künün də iştirakı ilə rəmzi olaraq üzüm tənəyi əkərək dünyaya sülh mesajı ötürüblər.

Haydı Künün ölkəmizə səfəri martın 5-dək davam edəcək. Səfər çərçivəsində H.Künün bir sıra dövlət qurumları, beynəlxalq təşkilatların nümayəndəlikləri, mina hadisələrinin qurbanları, KİV-in və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

 

Keçidlər