ADPU-nun Şamaxı filialında “Azərbaycan son 18 ildə” mövzusunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon Təşkilatı ilə birgə “Azərbaycan son 18 ildə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon Təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov, ADPU-nun Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra “Azərbaycan son 18 ildə” adlı videoçarx nümayiş olundu.
Konfrans iştirakçılarını salamlayan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, son 18 ildə ölkə başçısı İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə görülən işlər ölkəmizin simasını dəyişdi. Ümummilli lider Heydər Əliyevin siyasi kusunun davamçısı kimi İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi Azərbaycanı sürətlə inkişafa qovuşdurdu. Ölkədə, o cümlədən yenicə işğaldan azad olunmuş torpaqlarımızda bütün sahələri əhatə edən bu inkişafın daha da sürətlənəcəyinə və yeni uğurlara imza atılacağına inam ifadə olunub.
Filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, rayon Ağsaqqallar Şurasının sədri, dosent Mayıl Alıcanov çıxışında Ümummilli lider Heydər Əliyevin özü qədər inandığı, əsl lider cənab Prezident İlham Əliyevin 2003-cü ildən başlayan prezidentlik fəaliyyətinin tarixi xronikasını diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, həyata keçirilən bütün islahatlar məhz tarixi Zəfərə hesablanmışdı.
Tədbirdə filialın Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov son illərdə dövlətin multikulturalizm prinsipləri əsasında həyata keçirdiyi işlərdən, təhsil sahəsində aparılan islahatlardan, bərpa və yenidənqurma işlərindən, YAP Şamaxı rayon Təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov siyasi arenada da özünə nüfuz qazanan Azərbaycanın uğurlarından danışıblar.
Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Mirzəyeva Nuranə “Azərbaycan Gəncliyi son 18 ildə” mövzusunda çıxış edərək Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə verdiyi önəmdən danışıb. Filialın Məktəbəqədər təhsil ixtisasının II tədris ili tələbəsi İbadova Aydan “Cənab Ali Baş Komandan“ şeirini (müəllif: Baba Vəziroğlu) səsləndirib.
Çıxışlardan sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son dövrlər Azərbaycanda, xüsusilə Şamaxı rayonunda həyata keçirilən abadlıq quruculuq işlərindən, əhalinin rifahının artırılması sahəsində atılan addımlardan danışıb. Qeyd olunub ki, bu gün ölkədə aparılan regionların inkişafı siyasəti öz bəhrəsini verməkdədir. Respublikamızda gənclər istər təhsil, istər iş həyatında göstərdikləri fəallıqla ölkənin aparıcı qüvvəsinə çevrilmişdir. Bütün bunlar hər xalqa nəsib olmur. Tahir Məmmədov daima xalqını düşünən bir lider, cənab İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən Azərbaycanda yaşamağın xalqımıza nəsib olan xoşbəxtlik olduğunu da vurğulayıb. Sonra Tahir Məmmədov bu tədbirdə də gənclərin cənab İlham Əliyevin hər sahədə siyasətini alqışlayaraq çıxış etmələrini və vətənpərvərlik ruhunda şeirlərin səslənməsini yüksək qiymətləndirib.
Filial əməkdaşları da öz növbələrində Tahir Məmmədova 30 illik yubileyi ərəfəsində olan ADPU-nun Şamaxı filialına daim göstərdiyi diqqət və qayğıya görə, eyni zamanda bu mövzuda keçirilən tədbirdə də filialın kollektivi ilə birgə olduğu üçün dərin hörmət və minnətdarlıqlarını bildiriblər.