Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 27 Sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olunub

27 sentyabr 2021 | 16:00

27 Sentyabr - Anım Günü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub.

Səhər saatlarında rayondakı məscidlərdə, həmçinin Şamaxı Cümə məscidində din xadimləri tərəfindən Şəhidlərin əziz xatirəsini yad edilib, ruhlarına dualar oxunub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Millət Vəkili Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrinin kolletkivləri və rayon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb.

Tədbirlər çərçivəsində Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə 500 ədəd Eldar şamı ağacı əkilmişdir.

Şamaxı Tatix-diyarşumaslıq muzeyinin qarşısında təşkil olunmuş rəsmi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov “Dəmir yumruq” adlı əməliyyatla Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq müharibələrin itkisiz olmadığını qeyd etmiş, vətən övladlarının böyük şücaət göstərərək qəhrəmancasına şəhid olduqlarını bildirmişdir. Natiq Şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən deputat Tamam Cəfərova Vətən müharibəsi ilə xalqımızın əyilmiş qəddinin yenidən düzəldiyini, milli qürurumuzun geri qaytarıldığını bildirmiş, artıq dünya xalqları qarşısında başımızın dik, alnımızın açıq olduğunu diqqətə çatdırmışdır. Tamam Cəfərova qeyd etmişdir ki, 44 günlük müharibədə Prezident cənab İlham Əliyevin təkcə cəbhədə ermənilərlə döyüşlərə rəhbərlik etmədiyini, diplomatiya və informasiya sahəsində dünyanın bir çox ölkələri ilə mübarizə apardığını, Azərbaycanın bu davada haqq səsini bütün dünyaya çatdıraraq xalqımızın tələbi ilə Şanlı Ordumuzun ədaləti bərpa etdiyini bəyan etmişdir.

Sonra YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və şəhid atası Rza Nəbiyev çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulamış, düşmənə sarsıdıcı zərbə vuraraq yaddaşlarından silinməyəcək dərs verdiklərini qeyd etmişlər.

Mərasimdə məktəb şagirdlərinin ifasında fleşmob və ədəbi-bədii kompazisiyalar nümayiş olunub. Tədbir “Qalib Azərbaycan xalqı”, “Müzəffər Ali Baş Komandan”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yekunlaşmışdır.
Ölkəmizin hər yerində olduğu kimi saat 12:00-da Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

27 Sentyabr - Anım Günü ilə əlaqədar iştirakçılar rayonun ayrı-ayrı kəndlərinə dəfn olunan şəhidlərin məzarlarını ziyarət etmiş, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun şəhidlik zirvəsinə ucalmalarının 1 ili münasibətilə ailələrinə baş çəkmişlər.

Keçidlər