Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şamaxı rayon təşkilatının IX hesabat konfransı keçirilib

19 avqust 2021 | 16:00

Avqustun 19-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyə uyğun olaraq Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, tədbirlər planına uyğun olaraq hesabat dövrü ərzində görülmüş işlərdən, partiya üzvlərinin ictimai-siyasi proseslərdəki aktiv iştirakından geniş bəhs edib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun yeni dövrün tələblərinə uyğun davam etdirilməsi sayəsində Azərbaycanın qazandığı möhtəşəm uğurlardan danışan B.Abbasov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizlə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edib.

B.Abbasov daha sonra qeyd etdi ki, hazırda YAP Şamaxı rayon təşkilatının 85 ərazi ilk partiya təşkilatı öz sıralarında 8126 üzvü birləşdirir. Onlardan 4350 nəfəri qadın, 4071-i isə gənclərdir.

Sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Anar Osmanovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Pedaqoji Universitetin Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatı İdarə heyətinin üzvü, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova hesabat dövrü ərzində görülən işlərdən geniş bəhs ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, dövrün, zamanın tələbinə uyğun olaraq yeniləşmə, təkmilləşmə gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın qarşısında daha geniş imkanlar açır. Bütün bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir və bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının üzvlərinin də xidmətləri danılmazdır.

Ə.Tağıyev çıxışının sonunda YAP Şamaxı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Keçidlər