Cari ilin birinci yarısında sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanılmışdır
İyulun 25-də rayon rayon İcra Hakimiyyətinin akt zalında 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Müzakirə olunan məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ətraflı çıxış edərək qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə ilə çıxış etmişdir. Şamaxı rayonu üzrə Maliyyə idarəsinin rəisi Seyran Alcanov, Ərazi kənd təsərrüfatı idarəsinin rəisi Nadir Qədirov və 9 saylı Yol istismarı idarəsinin rəisi Ədalət Ömərov məruzə ətrafında müzakirələrdə iştirak etmişlər.
Tədbirdə qeyd edilmişdir ki, 2013-cü ilin birinci yarısının yekunlarını Şamaxı rayonu üçün də müsbət qiymətləndirmək olar. Xüsusi olaraq bildirilmişdir ki, bu dövrün ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 16 və 17-də rayonumuza iki günlük tarixi səfəridir. Həmin səfəri çərçivəsində dövlətimizin başçısı yüksək səviyyədə əsaslı bərpa olunaraq yenidən qurulan Şamaxı Cümə məscidinin, genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Mərkəzinin, dünyanın unikal elm mərkəzinə çevrilən Şamaxı Asrofizika Rəsədxanasının, İncəsənət Mərkəzi üçün tikilən müasir binanın açılış mərasimlərində iştirak ermişdir. Dövlətimizin başçısının rayonumuza növbəti səfəri Şamaxıda böyük canlanmaya, yeni iqtisadi inkişafa səbəb olmaqla insanlarda dövlətə, dövlətçiliyə, xüsusilə möhtərəm Prezidentimizə olan inamı qat-qat artırmışdır.
Müzakirələrdə əsas diqqət 2013-cü ilin ötən altı ayı ərzində əldə olunmuş sosial-iqtisadi göstəricələrə yönəldilmişdir. Natiqlər qeyd etmişlər ki, cari ilin birinci yarısında rayonda 76 milyon 253 min manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon manat və yaxud 20,6 faiz çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2 milyon 672 min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 27 milyon 594 min manat, tikinti-quraşdırma işlərinin həcmi 25 milyon 131 min manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 80 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21 milyon manat olmuşdur. 2013-ci ilin altı ayında rayon üzrə 232 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 9 810 iş yeri yaradılmışdır ki, bunun da 7 139-u daimi iş yeridir.
Yığıncaqda ötən altı ay ərzində rayonda tikinti-quruculuq, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülmüş işlər geniş təhlil edilmiş və qarşıda duran əsas vəzifələr müəyyən olunmuşdur.