Şamaxı rəsədxanasında Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Rəsədxanadan bildiriblər ki, tədbirdə elmi müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin geniş şəkildə qeyd edildiyini deyib.
N.Cəlilov dahi alim Lütfi Zadənin zəngin həyat və elmi yaradıcılığından, onun dünya elminə verdiyi töhfələrdən danışıb. O bildirib ki, Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır uğurla fəaliyyət göstərir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bala Əli Rəcəbov məruzə edərək dahi alim Lütfi Zadənin irəli sürdüyü nəzəriyyələr, elmə gətirdiyi yeniliklər, onların dünya elminə, texnologiyasına və iqtisadiyyatına verdiyi böyük səmərələrdən danışıb.
Əməkdaşlardan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli Lütfi Zadənin elmi nailiyyətlərinə dair məruzə ediblər.
Kitabxananın müdiri Nərminə Abdullayeva alimin nəşr etdirdiyi kitab və məqalələr, onun biblioqrafiyası barədə çıxış edib.
Ümumilikdə konfransın iki elmi sessiyasında Şamaxı Astrofizika Rəsədxanasında aparılan elmi işlərin nəticələrini əks etdirən 30-dək məruzə dinlənilib.
Milli Aviasiya Akademiyası, Milli Kosmik Agentliyi əməkdaşlarının məruzələri stend məruzə şəklində təqdim olunub.