Şamaxı üzümçüləri rayonun əvvəlki şöhrətini geri qaytarmaq əzmindədirlər
Şamaxı üzümçüləri məhsul yığımına start veriblər və hazırda rayonun Şəhriyar qəsəbə, Çarhan, Mədrəsə, Məlcək və Həmyə ərazi dairələrində məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, indi ilkin olaraq daha tez yetişən “Prima” və “Kardinat” süfrə sortlu üzüm yığılır. Məhsul yığımına hələlik 50 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hər gün 3-4 ton üzüm yığılır və birbaşa yerli bazarlara çıxarılır.
Qeyd edək ki, üzümçülük Şamaxı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Artıq plantasiyaların sahəsi 1933 hektara çatdırılıb ki, bunun da 1731 hektarı məhsuldardır.
Süfrə və texniki üzüm sortlarını becərməyə üstünlük verən şamaxılı fermerlər bu mövsümdə bol məhsul yetişdiriblər. Builki hava şəraiti üzüm istehsalı üçün əlverişli olmasa da, aparılan aqrotexniki qulluğun nəticəsi olaraq məhsuldarlıq yaxşıdır.
Bir neçə gün əvvəl üzüm yığımına başlayan fermerlər məhsul satışında hər hansı çətinliklə üzləşmirlər. Bağlardan toplanan məhsullar yerindəcə çeşidlənib qablaşdırıldıqdan sonra yerli və xarici bazarlara çıxarılır.
Fermer Habil Əzimov deyir ki, vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı sevindirici haldır. Üzümçülər əvvəlki şöhrətlərini geri qaytarmaq əzmindədirlər. Bu işdə dövlətin fermerlərə, sahibkarlara dəstəyi böyük rol oynayır.
Otuz hektar sahədə müxtəlif növ üzüm sortları yetişdirən Habil Əzimov bağlardan topladıqları məhsulu Rusiya bazarına ixrac edir.
Təcrübəli üzümçü Yasəmən Abbasova da məhsuldarlıqdan razıdır. Deyir ki, bağlardan hər gün adambaşına 250-300 kiloqram məhsul yığırlar. Üzümçülüyün onlar üçün həm gəlir mənbəyi, həm də dədə-babalarından qalan bir sahə olduğunu deyən Yasəmən nənə, məhsul yığımını yaxın vaxtlarda yekunlaşdıracaqlarını bildirib.
Şamaxı rayon sakini Səlmi Əliyeva da uşaqlıqdan üzüm bağlarında çalışan əməksevər nənələrimizdən biridir. Hər gün səhər saatlarında məhsul toplamaq üçün üzüm bağına gələn Səlmi nənə deyir ki, üzümçü olmaq elə də asan deyil. Üzümləri dərən zaman yarpaqları, cavan budaqları, həm də meyvələri qorumaq lazımdır ki, bağa zərər dəyməsin. Təcrübəli üzümçülər bu işin öhdəsindən daha yaxşı gəlirlər. Hazırda bağında üzümün 6 sortunu yetişdirdiyini deyən Səlmi Əliyeva, hələlik bu sortlardan ikisinin yığıldığını söyləyib. Növbəti aylardan digər sort üzümlərin də toplanmasına başlanacaq.
Qeyd edək ki, Azərbaycanda hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticə verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.
Şamaxı rayonunda əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxardı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Həyata keçirilən Dövlət proqramı üzümçülüyün yenidən dirçəldilməsində mühüm rol oynayıb. Sahibkarlara dəstək verilib, yeni üzümçülük təsərrüfatları yaradılıb. Nəticədə Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1933 hektara çatdırılıb. Onun da 1731 hektarı məhsul verir. Bar verən üzüm bağlarının 167 hektarı süfrə, 1564 hektarı isə texniki sortlarından ibarətdir.