Şriftin ölçüsü :

Saytın rəngi :

“Yay Fest” festivalı ikiillik fasilədən sonra daha möhtəşəm formatda yenidən keçirilir

29 iyul 2021 | 16:00

Ölkənin ən böyük gənclər festivalı “Yay Fest” ikiillik fasilədən sonra daha möhtəşəm formatda yenidən keçirilir. Bu il “Ulduzlara doğru” devizi ilə gəncləri ətrafına toplayan festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Bir ay ərzində keçiriləcək festivalda “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsiləli şəkildə 5 düşərgə fəaliyyət göstərəcək. Düşərgələrin hər birində gənclər üçün vətənpərvərlik və dövlətçilik, Azərbaycan tarixi və mədəniyyəti, incəsənət, sosial media, innovasiya və digər mövzularda seminar, mühazirə və görüşlərdə müzakirə və təlimlər aparılacaq. Habelə, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgənin keçirildiyi regionda yerləşən tarixi-mədəni abidələrə və gözəl flora və faunası olan bölgənin baxımlı ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı və kino nümayişi etdirilməsi planlaşdırılır.

İyulun 29-da Şamaxı Astrofizika Rəsədxanasının ərazisində keçirilən “Yay Fest”nin açılış mərasimi olub. Mərasim Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şamaxı Astrofizika Rəsədxanasının rəhbəri Namiq Cəlilov və media nümayəndələrinin iştirakı ilə baş tutub. Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətində müxtəlif sahələrdə - təhsil, məşğulluq, innovasiya, idman və digər sahələrdə gənclər üçün yaradılan imkanlardan, həmçinin bu tip düşərgələrin gənclərin əylənərək öyrənməsi baxımından faydasından danışıblar. Dövlət gənclər siyasətinin mərkəzində məhz gənclərin vətənpərvər, təhsilli, sağlam və geniş dünyagörüşünə malik olmasının dayandığı qeyd edilib.

Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən danışılıb və bu qələbənin əldə olunmasında gənclərin rolu vurğulanıb.

Açılışda, habelə gənclər öz istedadlarını nümayiş etdiriblər. Düşərgənin fəaliyyəti müddətində gənclərin Milli Məclisin deputatları, dövlət və özəl qurum nümayəndələri, təlimçi, ulduz və blogerlərlə görüşləri də olacaq.

Qeyd edək ki, ötən ay elan olunan festivala 3 min nəfərdən çox gənc müraciət edib. Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVID-19 vaksinini təsdiq edən sənədləri olan şəxslər iştirak edə biləcəklər.

Keçidlər