Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub

09 iyul 2021 | 16:00

Şamaxı regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Fondun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.

Açılışda Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vurğulanıb ki, tədbirin əsas məqsədi sərgi-satışdan toplanmış məbləği “YAŞAT” Fonduna ianə etməklə şəhid ailələrinə və qazilərə dəstək olmaqdır.

Tədbir çərçivəsində mərkəzdə könüllülər və əməkdaşlar tərəfindən müxtəlif daşlardan, köhnə açarlardan, şüşə qablardan, ip və kağızdan istifadə edilərək hazırlanan 100-ə yaxın incəsənət nümunəsinin sərgisi və satışı reallaşdırılıb. Sərgi-satış üçün aparılan hazırlıq işlərində “ASAN xidmət”in “Asan könüllüləri” də fəal iştirak edib.

“ASAN könüllüləri”nin 20 nəfərlik komandasının fəal üzvlərindən olan Pərvin İsmayılova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələrinin və qazilərin sosial müdafiəsi üçün təşkil olunan “Birlikdə yaşadaq” tədbirinin keçirilməsində yardımçı olmağımızdan çox məmnunuq. Komandamız sərginin təşkilinə bir ayadək çalışdı, özü də həvəslə. Bu kimi xeyirxah, humanıst təşəbbüsləri dəstəkləyir və reallaşdırılmasına kömək etməyə həmişə hazırıq”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Keçidlər