Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər etmişlər

19 aprel 2019 | 16:00

Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə aprelin 19-da Şamaxı rayonuna səfər etmişlər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində qonaqlar əvvəlcə Şamaxının qədim yaşayış məskənlərindən olan Dəmirçi kəndinə gəlmişlər. Burada onları Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılamışdır. Qısa görüşdən sonra diplomatik nümayəndəliklərin rəhbərləri kənddə arxeoloji muzeydə, sənətkarlıq emalatxanasında, habelə məsciddə olmuşlar. Onlara kənddə aparılan arxeoloji tədqiqatlar, III əsrə aid aşkar olunan qəbirlər, yerli ustalar tərəfindən hazırlanan sənət nümunələri haqqında, eləcə də həyata keçirilən yenidənqurma, tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

Sonra qonaqlar Şamaxı Astrofizika Rəsədxanasına gəlmiş, aparılan elmi tədqiqat işləri ilə maraqlanmışlar.

Diplomatik korpusun rəhbərləri Şamaxı şəhəri Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus evdə olmuşlar. Qeyd edək ki, bu ev fevralın 5-6-da baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüşdü. Prezident cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən operativ tədbirlər nəticəsində rayonda zəlzələdən zərərçəkən digər evlər kimi Vüqar Teyfurovun evi də yenidən tikilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara zəlzələnin nəticələri, vətəndaşlara dəyən zərərin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Sonra diplomatik korpusun rəhbərləri Azərbaycanın və Şərq memarlığının nadir incilərindən biri, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidinə gəlmiş, onun tarixi barədə maraqlanmışlar.

Bildirilmişdir ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da qanlı soyqırımı aktı həyata keçirilmişdir. Ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər.

Diqqətə çatdırılmışdır ki, Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunmuşdur. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılmışdır. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məscidin açılış mərasimində iştirak etmişdir.

Qonaqların sonuncu səfəri Meysəri şərab zavodu olmuşdur. Burada onlar zavodun fəaliyyəti, istehsal prosesləri barədə məlumatlandırılmışlar.

Keçidlər