Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxılı gənclər Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına söz vermişlər

11 yanvar 2019 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu il yanvarın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlamışdır.

Yanvarın 11-də Şamaxıda təşkil olunan çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin şəxsi heyəti, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, gənclər, müharibə veteranları, valideynlər iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.

Dövlət himninin ifası ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Feyzullayev hərbi xidmətə yola düşən gəncləri təbrik edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırmışdır.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov bildirmişdir ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Qeyd etmişdir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilmişdir.

Yolasalma mərasimində çıxış edənlər gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə etmişlər.

Gənclər də öz növbələrində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz vermişlər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşmüşlər.

 

 

Keçidlər