Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd sakinləri ilə səyyar qəbul-görüşü

27 noyabr 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının rayonun Birinci Çaylı kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

Səyyar qəbul-görüş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qalib Əsgərov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov kənd sakinlərini salamlayaraq, son illər respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Sonra rayonun Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Güliyev çıxış edərək kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Birinci Çaylı kənd İƏD üzrə nümayəndəlik eyniadlı kəndi əhatə edir. Birinci Çaylı kəndinin əhalisi 1892 nəfər, 475 ev təsərrüfatı var. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar əvvəlcə respublikada, rayonda, eləcə də kənd ərazisində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, o cümlədən tikinti-quruculuq işlərinin genişləndirilməsinə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra sakinlər onları narahat edən məsələləri rayon icra başçısına ünvanlamışlar. Sakinlər kəndin içməli su təminatının yaxşılaşdırılması, həkim məntəqəsinin  və körpələr-evi uşaq bağçasının tikilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, biçin zamanı komabayn çatışmazlığı və digər məsələlər ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.

Sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin, rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.

Keçidlər