Şriftin ölçüsü :

Saytın rəngi :

“Aqrolizinq”in nümayəndələri Şamaxıda bölgə fermerləri ilə görüşüb, onların problemlərini dinləmişlər

01 dekabr 2018 | 16:00

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində dekabrın 1-də Şamaxıda növbəti tədbir keçirilmişdir.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin inzibati binasında təşkil olunan tədbirə Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Kürdəmir rayonlarında fəaliyyət göstərən fermerlər, habelə müvafiq qurumların rəhbərləri qatılmışlar.

Tədbirdə daxili nəzarət və təhlil şöbəsinin müdiri Elmin Rəhmanov layihənin mahiyyəti, məqsəd və hədəfləri barədə çıxış etmişdir.

Şöbə müdirləri İsrafil İsmayılov, İlyas Həsənov, Musa Hüseynov, Ayaz Qədirov və başqaları “İnnovativ texnologiyaların tətbiqi və texnikadan səmərəli istifadə”, “Kənd təsərrüfatı texnikalarının 10 il müddətində 40 faiz güzəştli şərtlərlə lizinqə verilməsi qaydaları”, “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti, Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması”, “Aqrolizinq” ASC və fermer arasındakı münasibətlərin elektronlaşdırılması” barədə çıxış edərək, fermerlərə ətraflı məlumatlar vermişlər.

Görüşdə bildirilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” ASC dövlətin aqrar siyasətinin həyata keçirilməsinin tərkib hissəsi kimi aqrotexniki xidmətlərin göstərilməsi və kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların lizinqə verilməsi sahəsində fəaliyyət göstərir.

Açıq diskussiya şəraitində keçən görüşdə fermerlər onları narahat edən məsələləri nümayəndələrə ünvanlamışlar. Qobustandan Qubat Mövlamov, Kürdəmirdən Rüstəm Rəsulov, Ağsudan Fərhat Abuzərov və digər fermerlər qarşılaşdıqları çətinliklərdən, o cümlədən gübrə azlığı, sənədləşmə işlərinin sadələşdirilməsi, müqavilə vaxtının uzadılması, biçin zamanı kombayn çatışmazlığı və başqa problemlərdən danışmışlar. Onlara problemlərin həlli ilə bağlı ətraflı izahatlar verilmişdir.

Tədbirin sonunda region üzrə 30-a yaxın vətəndaşa səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim edilmişdir.

Keçidlər