Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilər ilə görüş keçirilmişdir

16 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya cəlb edilən Şamaxı rayonunun ümumtəhsil məktəblərinin 40 məktəblisi noyabrın 18-21-də Quba, Qusar və Xaçmaz rayonlarında olacaqlar.

Noyabrın 16-da rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində məktəblilər ilə görüş keçirilmişdir.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışmış, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın nəinki məktəblilər, o cümlədən ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılandığını qeyd etmişdir. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın, o cümlədən bölgələrin dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə geniş məlumat verərək, bildirmişdir ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə artıq beşinci ildir keçirilən bu layihə məktəblilərin dünyagörüşünün formalaşmasında, getdikləri şəhər və rayonlar haqqında geniş bilgilər əldə etməkdə, yeni dostlar tapmaqda mühüm rol oynayır.

Rayon rəhbəri Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsindən, ekologiyanın qorunmasına diqqətdən, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunmasından, şəhid ailələri və əlillərə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğıdan, o cümlədən son 15 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun bütün istiqamətlərində həyata keçirilən daxili və xarici siyasət sahəsində əldə olunan ciddi uğurlardan bəhs etmişdir.

Tur-aksiyada iştirak edəcək məktəblilər çıxış edərək, cənab Prezidentə məktəblilərə yaradılan bu cür şəraitə görə təşəkkür etmişlər və bu layihə vasitəsilə gedəcəkləri bölgənin tarixi abidələri, gəzməli-görməli yerləri ilə daha yaxından tanış olacaqlarına görə sevindiklərini bildirmişlər.

Görüşdə valideynlər də çıxış edərək Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, uşaqlara göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Noyabrın 18-də tur-aksiyada iştirak edən məktəblilər şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra, milli musiqi sədaları altında Quba, Qusar və Xaçmaz rayonları istiqamətində yola düşmüşlər.

Keçidlər