Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

08 noyabr 2018 | 16:00

Noyabrın 8-də Azərbaycan Respublikasının dövlət bayrağının qəbul edilməsinin 100 illiyi münasibətilə Şamaxıda tədbir keçirilmişdir.
   Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi, xalqımızın Ulu Öndərinin xatirəsini dərin ehtiramla yad edərək Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüşlər.
   Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbirdə çıxış edənlər bu günün tarixindən söz açmış, Azərbaycan Respublikasının Dövlət Bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirmişlər. Üçrəngli bayrağın bir daha 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildiyi qeyd olunmuş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etdiyi vurğulanmışdır.
   Diqqətə çatdırılmışdır ki, ölkə başçısının 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Tədbirdə məktəblilərin bayraq haqqında hazırladığı şeirlər səslənmiş, kompozisiyalar nümayiş etdirilmişdir.
   Sonda Azərbaycan Respublikasının üçrəngli bayrağı məktəblilərin müşayiəti ilə mahnı sədaları altında səhnəyə gətirilmişdir.

Keçidlər