Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda prokurorluq işçilərinin peşə bayramı qeyd edilmişdir

01 oktyabr 2018 | 16:00

Bu gün Şamaxıda “1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.         

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, RİH başçısının müavini, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Prokurorluğunun əməkdaşları iştirak etmişlər.       

İştirakçılar əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.   

Yığıncaqda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, bu günün tarixindən bəhs edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar hadisənin qeyd olunmasını rəsmiləşdirmişdir. Natiq vurğulamışdır ki, ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüağ çıxmış, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilmişdir.          

Rayon rəhbəri çıxışında prokurorluq orqanlarının məzmunca yeniləşməsi və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır.  Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Müşfiq Səfərov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında məruzə etmişdir. Natiq çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd etmiş, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayaraq, inamla bildirmişdir ki, Azərbaycan Prokurorluğunun kollektivi hər zaman öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəkdir. 

Tədbir iştirakçıları sonda rayon prokurorluğunun əsaslı təmir olunmuş inzibati binası ilə tanış olmuşlar.

Keçidlər