Şriftin ölçüsü :

Saytın rəngi :

İslam dininin fundamental dəyərləri geniş təbliğ edilməlidir

24 aprel 2018 | 16:00

Aprelin 24-də Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə işini başa çatdırmışdır.
Gənclər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunmuşdur.
Sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün dövlət başçısı İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulmuşdur. Vurğulamışdır ki, müstəqil Azərbaycanda ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada təbliğ və təşfiq olunmaqdadır. O, gənclərin dini radikalizm və onun fəsadları barədə məlumatlandırılması istiqamətində bu cür seminar-müşavirələrin əhəmiyyətini yüksək dəyərləndirmişdir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dinimizin fundamental dəyərlərinin geniş təbliğ edilməsinin vacibliyini qeyd etmişdir. Dövlət Komitəsi sədrinin birinci müavini maarifləndirmə və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
Səyyad Salahlı, eyni zamanda, dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulamışdır. O, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə gənclərə aşılanmasının radikalizmin qarşısının alınmasında ən effektiv vasitə olduğunu qeyd etmişdir.
Sonda çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə qeyd etmişdir ki, bu görüşlər gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə, dinimizin əsaslarının möhkəmləndirilməsinə və dindarlarla əlaqələrin intensivləşdirilməsinə yönəlmişdir. Azərbaycanda dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu diqqətə çatdıran A.Əlizadə cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.
Daha sonra çıxış edən natiqlər gənclərin ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maarifləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırmışlar.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.

Keçidlər