Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gənclər Birliyi Şamaxı rayonunda regional konfrans keçirmişdir

11 noyabr 2017 | 16:00

Noyabrın 11-də YAP Gənclər Birliyinin təşəbbüsü ilə Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş gənclərin regional konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Şamaxının mərkəzi parkında yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, dahi rəhbərin xatirəsini ehtiramla anmışlar.

Rayon Mədəniyyət Mərkəzində Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Kürdəmir, Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarından olan gənclərin iştirakı ilə keçirilmiş konfrans Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Konfransı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov yaradılmasının 25-ci illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrildiyini qeyd etmişdir. Partiya fəallarının yerlərdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsi olaraq respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da təşkilatın nüfuzunun daim yüksəldiyini, onun sosial bazasının xeyli gücləndiyini bildirmişdir.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova Yeni Azərbaycan Partiyasının 25 ildə keçdiyi yola nəzər salmış, onun ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində oynadığı roldan danışmışdır.

Bildirmişdir ki, 25 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 700 mindən çox insanı birləşdirir. YAP 25 il ərzində keçdiyi şanlı mübarizə tarixində ümumxalq partiyası olduğunu təsdiqləmişdir.

Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək partiyanın 25 ildə böyük siyasi qüvvəyə çevrildiyini, YAP-ın gənc üzvlərinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak etdiyini söyləmişdir. YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən Seymur Orucov gənclərin partiya üzvlərinin 40 faizini təşkil etdiyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə və inamla baxmağa əsas verir.

Daha sonra partiyanın Qobustan, Ağsu, İsmayıllı, Kürdəmir, Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarının nümayəndələri görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Konfransda fəal gənclər fəxri fərmanlarla təltif olunmuşdur.

Keçidlər