Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir

24 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidentinin 24.06.2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə oktyabrın 24-də Heydər Əliyev Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun rəhbər müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin Respublika Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, orta ümumtəhsil, orta ixtisas və ali məktəblərinin pedaqoji kollektivləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının sədri Qasım Qasımov açaraq Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra problemlər kimi, narkotizm probleminə qarşı mübarizə tədbirlərinin də görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etmişdir. Bildirmişdir ki, 1996-cı ildə Ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılması, Prezident cənab İlham Əliyev tərəfindən narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mövzunun dövlətin daim diqqətində olduğunu göstərir.

Qasım Qasımov həmçinin rayonda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişafı, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanması mühüm əhəmiyyət kəsb edir ki, bu sahədə maarifləndirmə işinin artırılması məqsədilə rayonun təhsil və səhiyyə müəssisələrində Şamaxı rayon Polis Şöbəsi ilə birgə müxtəlif tədbirlər həyata keçirilir.

İşçi qrupun rəhbər müavini Vasif Quliyev çıxış edərək bildirmişdir ki, Dövlət Proqramında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulmuşdur.    

Sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşləri üzrə baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin Respublika Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, AQUPDK-nin hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə, rayon Prokuroru Zakir Müslümov, Rayon Polis şöbəsinin rəisi Şahin Mirzəyev çıxış edərək bütün dünyanı narahat edən narkomaniyanın ümumbəşəri bəlaya çevrilərək, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasından, narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən prosesə çevrilməsindən, narkomanlığa qarşı və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair görülmüş işlərdən, o cümlədən, narkomaniyaya qarşı mübarizədə ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini diqqətə çatdırmışlar.

Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanmışdır.

Keçidlər